“Soyuq dövr” sona çatdı: “Azərbaycan-ABŞ münasibətləri yenidən güclənir” - TƏHLİL

Video

13.02.2025 17:05

“Azərbaycan-ABŞ münasibətləri tarixində ən soyuq dövr Cozef Bayden administrasiyası dövründə yaşanıb. Bayden administrasiyası özünü nə qədər demokratik kimi ifadə etsə də, ABŞ siyasətində olan diktəetmə siyasətini daha da gücləndirib”. 

Siyasi şərhçi Kazım Kazımov bunu TodayPress-ə danışarkən deyib.   

O, bildirib ki, məhz bu dövdə Cənubi Qafqazda kifayət qədər müstəqil siyasət həyata keçirən Azərbaycana qarşı basqı siyasəti meydana gəlib. Demokratlar içərisində erməni lobbisi ilə iş birliyi içində olanlar peyda olub:     

“Onlar Demokratların içərisində özlərinə yer tapmış və anti-Azərbaycan təbliğatına qoşulmuşdular. Dörd il ərzində Azərbaycan müstəqil addımlar atmağa davam etdi. Təzyiqlər Azərbaycanın məqsədlərinə çatması üçün heç bir əngəl olmadı. Bayden administrasiyası dövründə antiterror əməliyyatı həyata keçirdik və müstəqil addımımız bütün dünya tərəfindən görüldü”.   

Ekspert son illərdə Avropadan və Qərbdən Donald Trampa olunan hücumlardan bəhs edib: 

“Bunun əsas səbəbi Trampın kollektiv Qərbin dünyaya siyasət təlqinetmə strategiyasına qarşı çıxmasıdır. O, hadisələrə hansısa güc mərkəzləri və ya lobbilərin maraqlarından deyil, milli maraqlardan yanaşmağa üstünlük verir. Bu səbəbdən Qərb liderlərinin Trampa qarşı daxili nifrətləri var”.   

Analitik sonda vurğulayıb ki, dünyanın bir çox ölkələrində, həmçinin Azərbaycanda Trampın yenidən hakimiyyətə gəlməsi müsbət qarşılanır. Azərbaycan və ABŞ arasındakı soyuq dövr artıq qapanıb. Əlaqələr əvvəlki dönəmdə olduğu kimi yenidən gücləndiriləcək.   

Qeyd edək ki, Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində ABŞ-Azərbaycan münasibətlərindən söz açıb. Dövlət başçısı qeyd edib ki, Donald  Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmiz çox müsbət olub: “Biz Prezident Trampın ABŞ-yə rəhbərlik etdiyi zamanı xatırlayırıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, bizim əlaqələrimiz çox uğurla inkişaf edirdi. Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq". 

Qiymət Mahir

tag: ABŞ,Politoloq,Kazım Kazımov,Təhlil,Azərbaycan,Ağ Ev,Prezident,Müsahibə,Todaypress.az