“Şimal-Cənub” nəqliyyat dəhlizi təhlükədə: Trampın bu addımı nəyə hesablanıb? – ŞƏRH

Video

15.02.2025 17:21

“ABŞ Prezidenti Donald Tramp və onun administrasiyası Çabahar limanının işlədilməsinin qarşısını almağa çalışır”.     

TodayPress xəbər verir ki, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bunu öz “Facebook” sosial şəbəkə hesabında yazıb.     

O bildirib ki, Azərbaycanın da iştirakçısı olduğu “Şimal-Cənub” nəqliyyat dəhlizində İranın Çabahar limanı əhəmiyyətli yerdə dayanır:  “Liman İranın Hind okeanına çıxışını təmin edir. Beynəlxalq yüklər hər iki istiqamətdə məhz bu liman vasitəsilə daşınmalıdır. Hindistan ilkin mərhələdə bu limanın yenidən qurulmasına 24 milyon dollar yatırım qoyub. Limanın yenidən qurulmasının ümumi dəyəri isə 370 milyon dollardır. ABŞ Prezidenti Donald Tramp və onun administrasiyası isə Çabahar limanının işlədilməsinin qarşısını almağa çalışır. Trampın fevralın 6-da imzaladığı milli təhlükəsizlik memorandumuna görə, İranın maliyyə imkanları, o cümlədən dünya bazarlarına neft satışı məhdudlaşdırılmalıdır. Dehli Cozef Baydenin prezidentliyi dövründə ABŞ-nin Çabahar limanının işlədilməsi ilə bağlı sanksiya qərarının ləğvinə nail olmuşdu. Çünki bu liman vasitəsilə Əfqanıstana humanitar yardımlar daşınır və bu ABŞ-nin da maraqlarına cavab verirdi. Həmin dövrdə ABŞ silahlı qüvvələri hələ Əfqanıstan ərazisində idi. İndi isə Vaşinqtonu Əfqanıstana hurmanitar yardımın daşınması maraqlandırmır”.     

Ekspert əlavə edib ki, əgər Tramp administrasiyası limana yaxınlaşan gəmiləri sanksiya siyahısına əlavə edərsə, bu, Hindistanın limanın işlədilməsi ilə bağlı strateji və maliyyə maraqlarına zərbə olacaq. Mövcud vəziyyətin  “Şimal-Cənub” nəqliyyat dəhlizinə də mənfi təsiri olacaq:     

“Ümumiyyətlə Tramp adminisitrasiyasının İrana qarşı sanksiyaları sərtləşərsə, digər dövlətlər bununla hesablaşmalı olacaqlar. Rusiya “Şimal-Cənub” nəqliyyat dəhlizinin tam gücü ilə işlədilməsi üçün Rəşt-Astara dəmiryolunun tikintisini maliyyələşdirməlidir. Ancaq ABŞ sanksiyalarına görə müxtəlif dövlətlər İran üzərindən yük daşımalar həyata keçirməyəcəkləri halda dəmir yolunun əhəmiyyəti azalacaq. Təsadüfi deyil ki, illərdir Rəşt-Astara dəmiryolu barədə danışılsa da, tikinti hələ başlamayıb”.     

E.Şahinoğlu Hindistanın Baş naziri Narendra Modinin ABŞ-yə səfəri zamanı Ağ Evdə Donald Trampla müzakirə edəcəyi başqa mövzular olduğunu da vurğulayıb: 

“Hindistan ABŞ-dən qırıcı təyyarələr və pilotsuz uçuş aparatları almaq istəyir. Tramp qazanc gətirən mövzulara maraq göstərir və ölkəsinin Hindistana hərbi texnikanın satışının əleyhinə olmayacaq. O, ölkəsinin Hindistandan aldığı məhsullar qədər bu ölkəyə satışı da artırmaq istəyir. Bu, Trampın siyasətində ana istiqamətdir”.     

Qiymət Mahir

tag: Politoloq,Elxan Şahinoğlu,Şimal-Cənub,Dəhliz,Todaypress.az