“Şərqi Avropa və Cənubi Qafqazın ortaq nöqtəsi: "Rusiyanın qarşısına ancaq Türkiyə çıxa bilər” - TƏHLİL

Video

15.02.2025 17:17

“Şərqi Avropa və Cənubi Qafqazın ortaq nöqtəsi Türkiyədir. Rusiyanın qarşısına ancaq Türkiyə çıxa bilər”.   

TodayPress xəbər verir ki, politoloq Azər Qasımov bunu öz “Facebook” hesabında yazıb.   

O, Ukrayna ətrafında davam edən hadisələr fonunda ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Putinin danışıqlarının məntiqi nəticəsini belə şərh edib. Ekspert hesab edir ki, bu danışıqlar müharibənin bitməsi üçün edilən cəhd yox, işğalçı və işğala məruz qalana fərq qoymadan beynəlxalq hüququn gözardı edilməsi ilə nəticələnəcək:     

“Bu, Rusiyanın iştahını daha da artıracaq. Şərqi Avropa ilə Cənubi Qafqazın hansı regionlarının hədəf olacağı isə maraq doğurur. Hər iki regionun bir ortaq nöqtəsi var – o da Türkiyədir. Rusiyanın qarşısına həm hərbi, həm də siyasi baxımdan Türkiyə çıxa bilər”.   

O əlavə edib ki, Avropa artıq son ümidini Türkiyəyə bağlayır. Son günlərdə Fransa prezidenti Emmanuel Makronun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparması, İngiltərə, Almaniya, Fransa və İspaniya istehsalı “Eurofighter” təyyarələrinin və “Meteor” raketlərinin Türkiyəyə verilməsi qərarı Avropanın Türkiyənin hərbi güclənməsində maraqlı olduğunu göstərir.   

Politoloq, həmçinin Türkiyənin Avropa İttifaqına qəbulunun mümkün olduğunu və bunun Aİ-nin ABŞ-dən ümidini kəsdiyi bir dövrdə baş verə biləcəyini bildirib.   

“Aİ artıq ABŞ-dən ümidini kəsir. Öz ordusunu yaratmağı düşünsə də, Rusiya qarşısında zəif qalır. Odur ki, bu, NATO-nun ikinci ordusu kimi Türkiyəsiz mümkün deyil. Türkiyə faktoru Rusiya üçün çəkindirici amil rolu oynamalıdır”.     

A.Qasımov sonda vurğulayıb ki, Türkiyənin nüvə silahına tezliklə malik olması məsələsi də həll olunacaq, Türkiyəyə bununla bağlı razılıq veriləcək. Türkiyə bütün güclər arasında tarazlayıcı güc olacaq. 

Qiymət Mahir

tag: Azər Qasımov,Politoloq,Türkiyə,ABŞ,Todaypress.az