Sənədsiz evlər: Qanunun icrası üçün aidiyyatı qrumlar kimi və nəyi gözləyir?

Video

29.11.2024 10:56

“Vətəndaşlar mülkiyyət sənədi olmadan əmlak üzərində heç bir sərəncam hüququna malik deyillər. Buna görə də həmin daşınmaz əmlakı nə sata, nə də ona vərəsə müəyyən edə bilirlər”. 

Bunu Milli Məclisin deputatı Kamran Bayramov TodayPress-ə verdiyi açıqlamda deyib. Onun sözlərinə görə, hələ də bir çox əmlakların mülkiyyət sənədləri rəsmiləşdirilməyib. Bu isə sakinlərlə yanaşı, bələdiyyələrə də təsir göstərir. Belə ki, bələdiyyələr əmlak vergisini sənədsiz evlərdən yığa bilmirlər. 

“Bu məsələnin həlli üçün İqtisadiyyat Nazirliyi vaxtilə müəyyən tədbirlər görməyə başlasa da, pandemiya işi yarıda qoydu. Təəssüf ki, sənədsiz əmlakların sayı paytaxtda olduqca çoxdur. Təxminən 400-500 min ev qeyri-qanuni formada qalmaqdadır. Bununla yanaşı, dövlətin ixtiyarında olan bir sıra torpaqlarda icazəsiz formada tikilmiş bir çox evlər var ki, onların da torpağın kateqoriyalara bölünməsi işləri aparılmalıdır”. 

Parlamentari diqqətə çatdırıb ki, Nazirlər Kabinetinin qəbul etdiyi müəyyən qaydalar var ki, ona əsasən proses aparılır. Belə ki, kataqoriyanın dəyişdirilməsi üçün bir sıra dövlət qurumlarının rəyləri zəruridir. Əgər bütün təkliflər müsbətdirsə, yalnız o halda torpağın kateqoriyası dəyişdirilir. Millət vəklinin fikrincə, bu, olduqca müsbət haldır. Çünki əgər belə bir mexanizm olmasa, prosesdə sui-istifadə halları və ya kortəbiilik hökm sürər. Lakin mümkün dərəcədə mexanizim sadələşdirilməlidir. Müvafiq təhlillər, qiymətləndirilmələr aparılmalıdır. Meşə və digər fondlarla bağlı işlər daha rahat formada həll olunmalıdır: 

“Qeyd edək ki, hər hansısa qanunsuz tikilidə problem yaranan zaman sənədsiz olduğuna görə həll prosesi də gecikir. Həmin tikililərə kommunikasiya, qaz, işıq su kimi xətlərin çəkilməsi üçün də gərək torpaq və ya evin sənədləri qaydasında olsun”. 

Millət vəkilinin sözlərinə görə, bu məsələ uzun proses olduğuna görə, dərhal olmasa da, tədricən öz həllini tapacaq.

Töhfə Səməd

tag: Sənədsiz Evlər,Mülkiyyət, Millət Vəkili, todaypress.az