Saqqız və diş məcunundakı maddə infarkt riskini artırır - ARAŞDIRMA
Video
26.06.2024 14:24
Bir çox məhsulda geniş istifadə edilən süni dadlandırıcı olan ksilitol infarkt və insult riskini artırır.
TodayPress xəbər verir ki, alimlər ksilitolun ürək-damar sağlamlığına təsirini araşdırıb. Aparılan tədqiqatlar nəticəsində ksilitolun infarkt və insult riskini iki dəfəyə qədər artırdığı müəyyən edilib.
Araşdırmanı aparan bir qrup alim, ürək xəstəliyi riski olan 3 mindən çox insanın qan nümunələrini yoxlayıb.
Həm insan, həm də siçanlar üzərində təcrübə aparan tədqiqatçılar ksilitolun qanda trombositlərin laxtalanmasını sürətləndirdiyini müşahidə ediblər.
Təcrübə zamanı 20 sağlam insanın yarısına tərkibində normal səviyyədə ksilitol olan içki, digər yarısına isə şəkər (qlükoza) ilə şirinləşdirilmiş içki verilib. Birinci qrupdakı iştirakçılarda qanın laxtalanması sürətlə artdığı halda, şəkərli içki qəbul edənlərdə belə bir artım müşahidə edilməyib.
Alimlər həmçinin, ksilitol qəbul etdikdən sonra qanda qlükoza səviyyəsinin min dəfə artdığını və 6 saat ərzində yüksək səviyyədə qaldığını qeyd ediblər.
Mütəxəssislər ksilitolun saqqız və diş pastası kimi məhsulların tərkibində olduğunu da vurğulayıblar.
GÜNEL
tag: Saqqız, Diş Məcunu, Siçanlar, Sağlamlıq, Ürək Xəstəliyi, todaypress.az