Santuş da Azərbaycan futboluna bəhər gətirəcək “calaq” olmadı
Video
21.10.2024 17:11
AFFA-nın baş katibi Sərxan Hacıyevin yeni baş məşqçi seçərkən hansı kriteriyalar əsas götürüləcək sualına cavabı mentaliteti tanıyan birinin olması olub. Yəni, o şəxs yerli futbolçuları tanımalı və yerli mədəniyyətə uyğun biri olmalı idi.
TodayPress xəbər verir ki, millinin baş məşqçisi postuna təyin olunan Fernandu Santuş meyarların heç birinə uyğun gəlmir.
Əcnəbi mütəxəssis AFFA prezidenti Rövşən Nəcəfin millidən gözlədiyi oyun tərzini yaratmalıdır. Santuş ona xas olan bacarıq, baxış və dəyərlər üzərində dayanaraq belə bir işi görməyə çalışır. İşin ilkin nəticəsini UEFA Millətlər Liqası praktikasında gördük.
Azərbaycan - İsveç 1:3
Slovakiya - Azərbaycan 2:0
Estoniya - Azərbaycan 3:1
Azərbaycan - Slovakiya 1:3
Qrup mərhələsinin dörd turunun nəticəsi göstərdi ki, portuqaliyalı mütəxəssis millinin analoqu olmayan oyun tərzinə dəyər qata bilməyəcək. Amma Fernandu Santuş belə düşünmür:
“Zaman lazımdır. Bir ildən sonra danışacağıq. Bu qısa zamanda reallaşacaq layihə deyil. 2028-çi ilə kimi davam edəcəyik. Artıq bir müddətdən sonra istənilən komandaya qarşı yaxşı oynayacağıq. Zamana ehtiyacımız var. İnanmıram ki, Millətlər Liqasında D Liqasına düşək. Gələcəkdə daha yaxşı oyun göstərəcəyik, sona qədər mübarizə aparacağıq. Təbii ki, hazırki vəziyyətdə məyusluq, biabırçı məğlubiyyətlər kəlmələrini yaxşı anlayıram. Komandada effektiv oyun görürəm. Düzgün yoldayıq. Azərbaycan millisinə inandığım üçün bura gəlmişəm”.
Bu sözləri Slovakiya ilə son oyundan sonra millimizin baş məşqçisi Fernandu Santuş deyib.
Mütəxəssisin biliyinə, savadına şübhə yoxdu. Amma onun Azərbaycanda uğur qazanacağına da təminat yoxdur. Necə ki, Berti Foqts, Canni De Byazi bir işə yaramadılar, bu da elə olacaq. Adətən deyirlər, bu həna o hənadan deyil, amma mən deyərdim ki, bu həna elə o hənadandır. Santuş da Azərbaycan futboluna bəhər gətirəcək “calaq” olmayacaq.
Xatırlayırsınızsa, Fernandu Santuşun Azərbaycan millisinə təyinatı geniş rezonans doğurmuşdu. Hamı bir ağızdan bərbad təyinatdı deyirdi.
Baş məşqçi biabırçı məğlubiyyətlərə görə azarkeşlərdən qeyri-kafi qiymət alsa da, sənət işinin nəticəsindən utanmır. Bu göstəriciləri biabırçılıq saymır. Çünki, AFFA, işi az qala yarım işarədən başa düşən mütəxəssisin bizə verə biləcəyi əlavə dəyərlərə fokuslanıb. Elə o da AFFA-ya inandığı üçün burdadır.
“AFFA-nın təqdim etdiyi layihə uzun müddətli zaman üçün nəzərdə tutulub. Birgə əl-ələ verib, uğura imza atacağıq. Klublarla birlikdə işləmək bizim üçün önəmlidir. İnanıram ki, bu, hansısa yarışların final mərhələsində reallaşacaq” Fernandu Santuş deyib.
Nədi bizim millinin oyun tərzi? Bu sualın cavabını ancaq AFFA bilir. İngilislər futbolun yaradıcıları olduğu kimi, bizim funksionerlərimizdə bu oyunun bilicilərdir.
Bilinən bir şey dəqiqdi ki, AFFA ilk ciddi sınaqdan, Fernandu Santuşun timsalında qeyri-kafi qiymətini aldı.
Xatırladaq ki, portuqaliyalı mütəxəssis Avro-2028-in seçmə mərhələsinin sonuna qədər yığmamıza rəhbərlik edəcək.
Namiq HUN