Saatlıq əməkhaqqı sistemi hansı işçilərə şamil olunacaq? – AÇIQLANDI

Video

30.04.2025 17:21

“Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiqi ilk növbədə kustar üsulla məhsul hazırlayan işçilərə və ümumiyyətlə əl əməyinin ön planda olduğu sahələrə şamil olunacaq”. 

İqtisadçı Günay Hüseynova bunu TodayPress-ə danışarkən bildirib.   

O, yeniliyin kənd təsərrüfatı sahəsində tətbiq olunmasını daha məqsədəuyğun hesab edir: 

“Yığım zamanı işçilər 12 saat və daha artıq müddətdə işlədilir, lakin onların sığortası yoxdur, heç bir sosial təminatları mövcud deyil. Qidalanma, nəqliyyatla təminat məsələlərinə də riayət olunmur. Hava şəraitindən asılı olmayaraq işlədilir və günün sonunda isə ən yaxşı halda 10 manat ödənilir. Ən pis hal isə odur ki, buna nəzarət edən qurumlar yoxdur və ya bu vəziyyəti görməzdən gəlirlər. Buna görə də bu sahədə dəyişiklik mütləqdir”. 

İqtisadçının sözlərinə görə, həmin vətəndaşlar istər gündəlik, istərsə də aylıq əsasda əməkhaqqını mütləq şəkildə bank kartı vasitəsilə almalıdır. Bu dəyişikliklə yanaşı, ciddi nəzarət və yoxlamaya da ehtiyac var ki, sahibkarlar ödədikləri əməkhaqqının bir hissəsini qeyri-qanuni yollarla işçidən geri almasın və digər pozuntular baş verməsin. Onun fikrincə, bu dəyişikliklər nəticəsində əməkhaqqında artım olacaq: 

“Çünki bəzi sahələrdə aylıq və ya gündəlik əməkhaqqı saatlara bölündükdə ortaya gülünc rəqəmlər çıxır. Avropa və Amerikada insanlar bir saatlıq əməkhaqqı ilə gündəlik qida xərclərini asanlıqla qarşılayırlar. Ümidvaram ki, ölkəmizdə də bu cür şərait yaradılacaq”. 

Günay Hüseynova qeyd edib ki, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da işçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görülür. Hər hansı müsbət təcrübə varsa, ölkəmizdə də tətbiq olunmalıdır.     

Qeyd edək ki, Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq. Bu barədə Əmək Məcəlləsinə dəyişiklik ediləcək.           

Türkan İsgəndərli

tag: Günay Hüseynova,İqtisadçı,Saatlıq,Əməkhaqqı,Todaypress.az