Rusiya yenidən sülh danışıqlarına qayıdır?: “Belə bir imkan əldə edilərsə…” - ŞƏRH

Video

27.03.2025 16:13

“Üç ildən artıqdır ki, Ukrayna ilə savaş səbəbindən nüfuz dairəsində olan ayrı-ayrı bölgələrdə mövqeləri zəifləmiş Rusiyanın ABŞ ilə danışıqlarının Ukrayna ilə atəşkəs fonunda yenidən aktivləşəcəyi gözlənilən idi. İndi görünən odur ki, ABŞ-nin vasitəçiliyi ilə Ukrayna savaşının bitməsinə ümid edən Rusiya mövqelərini bərpa etmək üçün hərəkətə keçib”.   

Politoloq Rəşad Bayramov bunu TodayPress-ə danışarkən deyib. 

O, Rusiyanın mövqelərinin zəiflədiyi bölgələr arasında Cənubi Qafqazın xüsusi yer tutduğunu diqqətə çatdırıb.

Ekspertə görə, Rusiya indi həm Azərbaycana, həm də Ermənistana təsir imkanlarını bərpa etmək üçün yenidən sülh danışıqlarında rol almağa çalışır və son günlər Rusiyanın bu istiqamətdə aktivləşdiyi müşahidə edilir:     

“Təbii ki, məqsəd Rusiyanın tərəflər arasında sülhün əldə olunması istəyi ilə bağlı deyil. Rusiyanın məqsədi öz maraqlarının təmin olunmasıdır. Sülh danışıqlarında iştirak isə maraqların təmin olunması üçün bir vasitədir. Məsələ burasındadır ki, Rusiyanın əlində Ermənistana təsir etmək üçün kifayət qədər rıçaqlar olsa da, rəsmi Kreml Azərbaycanla bağlı belə təsir vasitələrinə malik deyil. Ermənistanda Rusiyanın hərbi bazaları mövcuddur. Ölkə iqtisadiyyatı böyük ölçüdə Rusiyadan asılıdır və bu da o deməkdir ki, Rusiyanın Ermənistanda mövqelərini yenidən möhkəmləndirə bilməsi üçün imkanlar var. Azərbaycanla bağlı isə vəziyyət fərqlidir. Burada hərbi baza yoxdur, sülhməramlı adı altında belə hər hansı hərbi kontingent də mövcud deyil. Rusiyadan hər hansı iqtisadi asılılığımız da yoxdur və ən əsası indiyə qədər Rusiyanın əlində təsir vasitəsi olan Qarabağ münaqişəsi də bitib. Odur ki, hər iki ölkəyə eyni dərəcədə təsir göstərə bilmək üçün sülh danışıqlarında bu və ya digər şəkidə iştirak Rusiya üçün olduqca vacibdir”.   

Analitik əlavə edib ki, Rusiya belə bir imkanı əldə edəcəksə, öz maraqlarını təmin etmək üçün sülh sazişi mətnində də nələrisə təklif etməyə çalışacaq və bunlardan biri Zəngəzur dəhlizi ilə bağlı məsələdir: 

“10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarında Zəngəzur dəhlizində təhlükəsizliyin təminatçısı kimi Rusiyanın iştirakı nəzərdə tutulub. Azərbaycan və Ermənistan isə ikitərəfli danışıqlarda Zəngəzur dəhlizi ilə bağlı məsələnin sülh sazişinin mətnindən çıxarılması və ayrıca müzakirə olunması ilə bağlı razılığa gəliblər. Rusiya bu məsələnin sülh sazişi mətninə salınmasında təkid edə bilər. Ən təhlükəli məsələ isə Rusiyanın Ermənistana xoş gəlmək üçün “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi” məsələsini yenidən gündəmə gətirməsi ola bilər. Rusiya ermənilərin təhlükəsizliyinin təminatçısı qismində çıxış etmək istəyərək yenidən Qarabağa qayıtmaq istəyə bilər. Buna isə heç bir şəkildə yol vermək olmaz. Başqa sözlə desək, Rusiyanın indiki məqamda vasitəçilik təşəbbüsləri tərəflər üçün arzuolunan deyil. İkinci bir tərəfdən isə sülh sazişinin bütün müddəalarının razılaşadırılması hələ sülh sazişinin imzalanacağı demək deyil. Kimin nə deməsindən asılı olmayaraq, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qaldığı müddətcə sülh sazişinin imzalanması özünü aldatmaqdan başqa bir şey deyil. Ermənistan isə müvafiq dəyişikliklərlə bağlı referendumun 2027-ci ildə keçirilə biləcəyindən danışır. Bu isə o deməkdir ki, nə 9 mayda, nə də bu il ərzində hər hansı sülh sazişinin imzalanması mümkün deyil”. 

R. Bayramova görə, ən yaxşı halda sülh sazişinin imzalanması üçün Azərbaycana qarşı ərazi iddialarının Konstitusiyadan çıxarılacağı ilə bağlı Ermənistan üzərində öhdəlikləri ehtiva edən niyyət protokolu və ya çərçivə sazişi imzalana bilər. O, bunun harada imzalanmasının elə də əhəmiyyətli olmadığını vurğulayıb. 

Qeyd edək ki, Rusiya Azərbaycanla Ermənistan arasında vasitəçilik rolunu qorumağa çalışır. Bakı və İrəvan birbaşa danışıqların daha effektiv olduğunu bildirsə də, Kreml bu mövqeni qəbul etməyərək yenidən xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayevi bölgəyə göndərməyə hazırlaşır.   

Qiymət Mahir

tag: Rusiya,ABŞ,Ukrayna,Sülh,todaypress.az