Rusiya-Ukrayna savaşında Türkiyə moderatorluğu: “Türkiyə yeganə NATO üzvüdür ki...” – ŞƏRH

Video

20.02.2025 16:47

“Hazırda Ukrayna üçün Türkiyə modeli daha əlverişli görünür”. 

Politoloq Tural İsmayılov Ukrayna lideri Volodimir Zelenskinin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşünü TodayPress-ə şərh edərkən deyib. 

Onun sözlərinə görə, rəsmi Ankara bir çox vasitəçilərdən fərqli olaraq Rusiya-Ukrayna müharibəsində ədalətli sülh mühitinin yaradılmasına çalışır: 

“Ukrayna taxılının Qara dənizdən maneəsiz ixracını nəzərdə tutan “Taxıl sazişi”nin imzalanmasında Türkiyə böyük rol oynayıb. Eyni zamanda bu gün də Türkiyə tərəfindən Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı adekvat və obyektiv addımlar atılır. Bunun nəticəsidir ki, hazırda Ukraynada sülh, bərabərlik və ədalət mühitinin əldə edilməsi ilə bağlı Türkiyə modelindən bəhs edilir. Faktiki olaraq rəsmi Ankaranın oynadığı rol qızışdırıcı yox, sülh və ehtimada fokuslanıb. Ona görə də Ərdoğan Zelenskini qəbul edən zaman vurğuladı ki, gələcəkdə ABŞ-Rusiya-Ukrayna arasında keçiriləcək görüşlərə Türkiyə uğurla ev sahibliyi edə bilər”. 

Analitik diqqətə çatdırıb ki, Ukraynanı işğal altında olan torpaqlarını geri qaytarmadan sülh müqaviləsini imzalamaq gözləyir. Bu reallığı artıq bütün dünya qəbul edib. ABŞ də Avropa İttifaqının tənələrinə rəğmən bu model üzərində işləyir.       

“Türkiyə bu gün rasional şəkildə daha çox ukraynalı və rusiyalı vətəndaşın ölməməsi üçün tərksilah olmağı, sülh və bərabər etimad mühitinin formalaşmasının vacibliyini vurğulayır.

Buna görə də Türkiyənin moderatorluğu burada çox uğurlu ola bilər. Çünki rəsmi Ankara həm də yeganə NATO üzvüdür ki, Rusiyayla kifayət qədər yaxşı əlaqələri və əməkdaşlıq modelləri mövcuddur. Məhz Türkiyənin bu yanaşması, ölkənin dünya siyasətində aktor rolu oynamasına, həmçinin Rusiya-Ukrayna danışıqlarında və rəsmi Kiyevin taleyi ilə bağlı məsələlərdə aparıcı qüvvə olmağına səbəb olur”.   

Qeyd edək ki, fevralın 18-də Ankarada Türkiyə və Ukrayna Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Volodimir Zelenski arasında görüş keçirilib. Görüşdə Türkiyə-Ukrayna strateji tərəfdaşlıq münasibətləri bütün ölçüləri ilə nəzərdən keçirilib. İki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunub.

Həmçinin Ukraynadakı son hadisələr, digər regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparılıb.   

Töhfə Səməd

tag: Türkiyə,Ukrayna,Görüş,Zelenski,Ərdoğan,Tural İsmayılov,Politoloq,Todaypress.az