“Rusiya rəsmilərinin açıqlamaları bu ölkənin dövlət imicinə açılan atəşlərdir” - Millət vəkili
Video
12.02.2025 18:34
“Bəzi Rusiya parlamentariləri və rəsmilərinin açıqlamaları əslində Azərbaycandan daha çox Rusiyanın öz əleyhinədir. Bunlar Rusiyanın hüquqi dövlət imicinə açılan atəşlərdir”. Milli məclisin deputatı Hikmət Babaoğlu bunu TodayPress-ə danışarkən deyib.
O, bildirib ki, Rusiya vətəndaşı olan azərbaycanlıların iqtisadi və siyasi hüquqlarının məhdudlaşdırılması ilə bağlı verilən açıqlamalar demokratiyaya vurulan zərbədir.
“Onların zorla başqa əraziyə köçürülməsi və ironik olaraq “Yeni Rusiya” adlandırdıqları ərazilərə məhkum edilmələri, iqtisadi imkanlarının əllərindən alınması Rusiya demokratiyasına və Rusiyanın dövlət nüfuzuna atılan daşdır. Onda belə çıxır ki, Rusiya vətəndaşları etnik mənsubiyyətlərinə görə dərəcələndirilir”.
Deputat etnik mənsubiyyətə görə vətəndaşlar arasında sinif fərqinin qoyulmasının fəlakətə səbəb olacağını vurğulayıb:
“Məsələn, əgər vətəndaş etnik kökü etibarilə rusdursa birinci dərəcəli, özbəkdirsə ikinci, azərbaycanlıdırsa üçüncü, qazaxdırsa dördüncü, dağıstanlıdırsa beşinci, tatardırsa altıncı, başqırddırsa yeddinci dərəcəli olur. Belə bir şey mümkündürmü? Əgər belə olarsa, Rusiya Federasiyası dağılar, çox uzun yaşaya bilməz. Nəticə etibarilə əgər Rusiya bir Federasiyadırsa, onun müxtəlif millətlərdən ibarət vətəndaşları varsa, hüquq etibarilə hamısı bərabərhüquqlu vətəndaşlar olmalıdır”.
Parlamentari azərbaycalıların Rusiyadan deportasiyası ilə bağlı açıqlama verənlərin qurub-yaratmaq əvəzinə hər şeyi məhv etdiyini qeyd edib:
“Düşünürəm ki, deportasiya təklifləri verənlər bu açıqlamalarla rusların öz ifadəsi ilə desək “medvej'ya usluqa”, yəni “ayı xidməti” göstərmiş olurlar. Qısaca, nəyisə düzəltmək əvəzinə hər şeyi ayı kimi dağıdırlar. Ayı xidməti bu deməkdir. Onlar Rusiyada yaşayan azərbaycanlıları yox, sadəcə qanunsuz şəkildə ölkədə yaşayan miqrantları deportasiya edə bilərlər. Onları da qəbul etməyə Azərbaycan hər zaman hazırdır”.
Sonda deputat deportasiya ilə bağlı səsləndirilən fikirlərin dövlətlər arası münasibətlərə göstərə biləcək təsirinə diqqət çəkib:
“Vətəndaşlara münasibətdə bu cür açıqlamalar sadəcə Rusiyanın özünün imicini, eyni zamanda Rusiya-Azərbaycan münasibətlərini korlamağa xidmət edir. Amma miqrantlar da hüquqi baxımdan heç bir ölkədə tamamilə müdafiəsiz insanlar deyil. Onların da hüquqları var. Rusiya miqrantlara münasibətdə yalnız və yalnız özünün və Beynəlxalq hüququn icazə verdiyi hallarda rəftar edə bilər. Ona görədə düşünürəm ki, bu problemin mövcud olması və yaxud olmayan məsələdən problem yaratmaq Rusiyanın da maraqlarına cavab vermir. Əslində Rusiyanın siyasəti göründüyü qədər radikal deyil. İki ölkə arasında olan münasibətlər gec-tez yoluna düşəcək”.
Qeyd edək ki, son günlərdə Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyev Rusiyada yaşayan azərbaycanlı iş adamlarını hədəfə almağı, obyektlərini müsadirə etməyi təklif edib.
Nicat Osman
tag: Rusiya,Azərbaycan,Deportasiya,Vətəndaşlar,Hüquq,Miqrant,Todaypress.az