Rusiya Kurskda yerləşdirdiyi Şimali Koreya hərbçilərini gizlətməyə çalışır
Video
08.11.2024 11:01
Rusiya Kursk vilayətində yerləşdirdiyi Şimali Koreya hərbçilərini gizlətməyə çalışır.
TodayPress xəbər verir ki, bunu Ukraynanın Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko deyib.
“Koreyalılar müxtəlif Rusiya bölmələri arasında bölüşdürülür. Rus formasındadırlar. Mümkün qədər maskalamağa, belə desək, tamhüquqlu ruslarla eyniləşdirməyə çalışırlar. Sudja şəhərinin şimal, qərb və şərqində yerləşdiriliblər. Artıq Kurskda 11 mindən çox koreyalı var” deyə Kovalenko bildirib.
Onun sözlərinə görə, Şimali Koreya hərbçilərinin əksəriyyəti real döyüş əməliyyatları şəraitində təlim keçir. Kovalenkonun fikrincə koreyalılar Ukraynanın şərqinə (Donbas) köçürüləcək Rusiya bölmələrini əvəzləməlidirlər.
Ukrayna Prezidenti Vladimir Zelenski bundan öncə Şimali Koreyadan olan 11 min hərbçinin Kurskda yerləşdirildiyini açıqlamışdı.