Roma Statutuna növbəti “təpik”: “Macarıstan Aİ-yə meydan oxuyur” – ŞƏRH
Video
01.04.2025 15:14
“Macarıstanın Baş naziri Viktor Orbanın ABŞ prezidenti Donald Tramp ilə yaxınlığı siyasi dairələrdə çoxdan məlumdur. Bu münasibətlər təkcə şəxsi simpatiya ilə deyil, Macarıstanın Avropa İttifaqı (Aİ) daxilində zaman-zaman sərgilədiyi fərqli və bəzən mübahisəli mövqelərlə də ifadə olunur. Xüsusilə Rusiya-Ukrayna müharibəsi kontekstində Budapeşt ittifaqın əsas xəttindən kənara çıxaraq, Rusiyaya daha yaxın bir siyasət yürüdüb, bəzi hallarda isə Rusiyanın Aİ-dəki əsas tərəfdaşlarından birinə çevrilib”.
Politoloq Zeynal Əmrəliyev bunu TodayPress-ə danışarkən deyib.
Onun sözlərinə görə, Orban hökumətinin bu yanaşması təsadüfi deyil və geniş geosiyasi kontekstdə dəyərləndirilməlidir:
“Rusiya əleyhinə qəbul olunmalı bəzi qərarların Macarıstanın vetosu ucbatından baş tutmaması faktı da bu mövqenin davamlı xarakter daşıdığını göstərir. Hazırda rəsmi Budapeştin İsrailin Baş naziri Benyamin Netanyahunu qəbul etməyə hazırlaşması isə beynəlxalq hüquqi öhdəliklər kontekstində ciddi suallar doğurur. Macarıstan Roma Statutunu ratifikasiya etmiş ölkədir və Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderi verdiyi şəxslərin bu ölkəyə daxil olması qadağandır. Belə bir şəraitdə Netanyahunun Budapeştə səfəri Macarıstanın beynəlxalq hüquqa zidd addım atması kimi qiymətləndirilə və onu müəyyən sanksiyalarla üz-üzə qoya bilər. Eyni zamanda bu ölkənin Aİ-dən uzaqlaşdırılması da daxil olmaqla, müxtəlif cəza tədbirləri gündəmə gələ bilər”.
Ekspertin fikrincə, Macarıstanın hazırkı siyasəti Aİ daxilində ciddi narazılıq doğurur. O bildirib ki, bu narazılıq artıq bəzi Aİ rəsmilərinin açıq şəkildə Budapeştin İttifaqdan uzaqlaşdırılması ideyasını gündəmə gətirməsinə səbəb olub:
“Viktor Orban hökumətinin Qəzza məsələsində İsrailə açıq dəstək verməsi, Trampın siyasətini müdafiə etdiyini bəyan etməsi və ABŞ ilə yaxınlaşmaq istəyi onu göstərir ki, Macarıstan özünü Aİ daxilində təcrid olunmuş hiss edir və yeni strateji müttəfiqlər axtarır. Rusiya ilə yaxınlığına baxmayaraq, Macarıstanın Moskvanın müdafiəsinə keçməsi real görünmür. Bu səbəbdən Budapeştin hədəfi Vaşinqtonun siyasi dəstəyini qazanmaq ola bilər”.
Z. Əmrəliyev əlavə edib ki, rəsmi Budapeşt faktiki olaraq Avropa gücləri ilə siyasi mübarizəyə girib və öz güc mərkəzini formalaşdırmaq niyyətindədir:
“Macarıstan Aİ daxilində öz gücünü qurmaq istəyir və ABŞ-nin Avropadakı geosiyasi dayağına çevrilmək niyyətindədir. Netanyahunun ölkəyə buraxılması da, böyük ehtimalla, bu strategiyanın tərkib hissəsidir. Bu addım Macarıstanın həm Aİ-yə, həm də beynəlxalq hüquq sisteminə meydan oxuduğunu göstərir. Eyni zamanda, ABŞ-yə loyal davranmaqla öz təhlükəsizliyini təmin etmək istəyir”.
Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderinə baxmayaraq, aprelin 2-də Macarıstana səfər edəcək və Baş nazir Viktor Orban ilə görüşəcək.
Qiymət Mahir
tag: Zeynal Əmirəliyev,Politoloq,Macarıstan,Avropa İttifaqı,Todaypress.az