Ramiz Yunus: “Xarici təsir nə qədər az olarsa, regionumuza sülh bir o qədər tez gələcək”

Video

11.12.2024 14:01

Xəzər Universitetində uzun müddətdir ABŞ-də yaşayan, tanınmış azərbaycanlı politoloq Ramiz Yunusla görüş keçirilib.

TodayPress xəbər verir ki, tədbirdə təhsil ocağının müəllim və tələbə heyəti, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Ramiz Yunus dünyada gedən siyasi və geosiyasi proseslər, onların Cənubi Qafqaza təsiri haqqında məruzə ilə çıxış edib. 

O, Birinci Dünya müharibəsindən başlayaraq, ötən əsrin ən mühüm hadisələrinə eləcə də, Sovet İttifaqının dağılmasından sonra dünyada başlayan və hazırda özünün pik həddinə çatan xaos dövrünə qısaca nəzər salıb.  

Politoloq artıq üç ilə yaxındır ki, davam edən Rusiya-Ukrayna savaşını şərh edərək, bu müharibənin Qərbin və ən əsası Avropanın maraqlarına cavab verdiyini diqqətə çatdırıb:  

“Müharibə onlara inanılmaz dərəcədə gəlirlər gətirdi. Bu gəlirləri hesablamaq üçün 2022-ci ildə savaş başlayandan sonra Qərbin sanksiyalarının səviyyəsinə baxmaq kifayət edir. Avropa İttifaqı bu günə kimi Rusiya ilə münasibətlərində bu biznesi hələ ki, dayandıra bilmir. Bunların hamısı dünyanın siyasi böhran içində olduğunu göstərir”. 

Analitik İkinci Qarabağ müharibəsindən də söz açıb. “Azərbaycan bu savaşa həm texniki, həm də siyasi baxımdan yaxşı hazırlaşmışdı” deyən Ramiz Yunus bildirib ki, Rəsmi Bakı düzgün çoxvektorlu xarici siyasət həyata keçirməklə Vətən müharibəsində qələbə qazanıb:  

“24 fevral 2022-ci ildə  Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə başlayandan sonra isə Azərbaycan üçün bu parlaq qələbəni başa çatdırmaq sadəcə texnoloji məsələsi idi və 2023-cü ilin sentyabr ayında Qarabağda bir günlük anti-terror əməliyyatı həyata keçirildi. Nəticədə Xankəndidə bayrağımız dalğalandı. Azərbaycanın tam suverenliyi bərpa olundu”.

Ramiz Yunus Cənubi Qafqaz regionuna təsir edəcək bir neçə mühüm məqamı qeyd edib. O, vurğulayıb ki, kollektiv Qərb Rusiya ilə münasibətlərində “Anakonda üsulu” taktikasını yenidən təkrarlamağa çalışır. Sadəcə unutduqları bir məqam var: indi Kremldə nə Mixail Qorbaçovun, nə dəki Boris Yeltsinin hakimiyyəti dövrüdür: 

“Gürcüstanda keçirilən son seçkilər isə göstərir ki, gürcülər 2008-ci ilin avqust dərslərini və Qərbin xəyanətini unutmayıblar. Bu anlayış Ermənistan siyasi elitasının bəzi nümayəndələrinə də gəlir. Bu vəziyyətdə Cənubi Qafqaz ölkələrində sabitliyin olması və xarici oyunçuların bizim regiona təsirinin mümkün qədər az olması çox vacibdir. Azərbaycan bu məsələdə master-klass göstərir. Gürcüstan da yavaş-yavaş bu anlayışa gəlir. Ümid edirəm ki, Ermənistan da gec-tez buna gələcək”. 

Politoloq sonda vurğulayıb ki, Cənubi Qafqaz ölkələrinə kənardan xarici təsir nə qədər az olarsa, regionumuza da sülh bir o qədər tez gələcək. 

tag: Cənubi Qafqaz ,Ermənistan, Gürcüstan ,Ramiz Yunus,todayprerss.az