Ramiz Yunus: “Türkiyə rəhbərliyi indiki vəziyyətdən qalib çıxacaq” - ŞƏRH

Video

27.03.2025 16:00

“Türkiyənin xarici işlər naziri Hakan Fidanın ABŞ-yə səfəri və dövlət katibi Marko Rubio ilə danışıqları Ankara ilə Vaşinqton arasında münasibətlərin yenidən istiləşməyə başladığını göstərir”. 

TodayPress xəbər verir ki, politoloq Ramiz Yunus bu barədə öz “Facebook” hesabında yazıb.   

Analitikin sözlərinə görə, Donald Trampın rəhbərlik etdiyi ABŞ administrasiyası üçün Türkiyə ilə münasibətləri normallaşdırmaq və Ankaranın dəstəyini qazanmaq mühüm əhəmiyyət kəsb edir: 

“Cozef Bayden administrasiyasının dövründə Türkiyə ilə ABŞ arasında münasibətlərdə xeyli gərginlik yaranmışdı. Ancaq Türkiyənin bölgədəki əhəmiyyətli geosiyasi mövqeyini nəzərə alaraq, Tramp administrasiyasının Ankaranı öz tərəfinə çəkməyə çalışması təəccüblü deyil. Çünki Ukrayna-Rusiya müharibəsi, Yaxın Şərq və Cənubi Qafqaz kimi mürəkkəb regionlarda Türkiyənin dəstəyi ABŞ üçün həyati əhəmiyyət daşıyır. Digər tərəfdən, Türkiyə üçün də ABŞ ilə münasibətlərin yaxşılaşması, sanksiyaların aradan qaldırılması və yenidən “F-35” proqramına daxil olmaq vacibdir”.   

Analitik qeyd edib ki, Türkiyənin Avropada formalaşmaqda olan “Ukraynanın təhlükəsizliyinə zəmanət verən ölkələr klubu”nda fəal iştirak etməsi bir çox dairələri narahat edir. Son dövrdə Suriyada vəziyyətin yenidən gərginləşdirilməsi, eləcə də İstanbul meri Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyə daxilində müxalifətin aktivləşməsi bunun bariz nümunəsidir: 

“Türkiyə regionda öz tarixi rolunu yenidən bərpa etmək strategiyasını ardıcıl və uğurlu şəkildə həyata keçirir. Prezident Rəcəb Tayyib Ərdoğan və komandası qarşılaşdıqları bu yeni çağırışların öhdəsindən də gələcək gücdədir. Türkiyə rəhbərliyi illərdir ki, bu bacarığını uğurla sübut edir və əminəm ki, indiki vəziyyətdən də qalib çıxacaq”. 

R. Yunus bu proseslərin regionda yeni siyasi reallıqların yaranmasına gətirib çıxara biləcəyini diqqətə çatdırıb:  “Necə ki, ingilis siyasi və dövlət xadimi Uinston Çörçill deyirdi: “Şəraitdən istifadə etmək azdır, onu yaratmağı bacarmaq lazımdır”. Türkiyə hazırda məhz belə bir mərhələdən keçir”.   

Qiymət Mahir

tag: Ramiz Yunus,Politoloq,Türkiyə,Hakan Fidan,ABŞ,Görüş,Şərh,Todaypress.az