Ramiz Yunus: "Nürnberq prosesi" ilə separatizmin təməllərinə sarsıdıcı zərbə vurulur”

Video

18.01.2025 17:50

“Bakıda baş tutan hərbi cinayətlərdə ittiham olunan Qarabağ separatçılarının məhkəmə prosesi bəzən İkinci Dünya müharibəsindən sonra nasist Almaniyasının hərbi cinayətkarları üzərində keçirilən “Nürnberq” məhkəməsi ilə müqayisə olunur”.

TodayPress xəbər verir ki, politoloq Ramiz Yunus bu barədə öz “Facebook” hesabında yazıb.  

O vurğulayıb ki, Azərbaycan cəmiyyətində, xüsusilə Qarabağ münaqişəsinin əvvəllərindən etibarən bütün ağrılı prosesləri görmüş nəsil üçün bu gün qürur və ədalətin qələbəsi kimi dəyərləndirilir:

“Məhkəmə qarşısına çıxarılan 16 keçmiş Qarabağ separatçısı, o cümlədən Arkadi Qukasyan, Arayik Harutyunyan, Bako Sahakyan və Ruben Vardanyan kimi şəxslər Xocalı soyqırımı, etnik təmizləmə, vandalizm aktları və digər çoxsaylı cinayətlərdə birbaşa ittiham olunurlar.

Azərbaycan xalqı üçün İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbə, milli birliyi möhkəmləndirdiyi kimi, bu məhkəmə prosesi də cəmiyyətin ədalətə inamını daha da gücləndirəcək”.

Analitik hesab edir ki, hazırda Bakıda separatizmin və "miatsum" ideologiyasının ideoloji təməllərinə sarsıdıcı zərbə vurulur. Bununla belə, bəzi xarici dairələrin, xüsusən də bəzi Qərb və Rusiya liberallarının separatçılara dəstək məqsədilə yayımladığı bəyanatlara fikir verməyə dəyməz. Britaniyanın keçmiş Baş naziri Uinston Çörçillin dediyi kimi: "Əgər siz hər hürən itə daş atmağa başlasanız, heç vaxt hədəfinizə çata bilməyəcəksiniz".

Ramiz Yunus sonda bu tarixi məhkəmə prosesinin Azərbaycan xalqının ədalət mübarizəsində yeni bir mərhələ kimi qiymətləndirildiyini diqqətə çatdırıb.

Qeyd edək ki, yanvarın 17-də Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə prosesi başlayıb.

Təqsirləndirilən şəxslər erməni dilində tərcüməçilərlə, habelə müdafiə üçün vəkillərlə təmin edilib. Hüquq və vəzifələri onlara erməni dilində izah olunub.

A.Harutyunyan məhkəməyə müraciət edərək çıxış etmək istədiyini deyib.

Hakim ona söz verib. A.Harutyunyan bəyanatla çıxış edərək bildirib ki, 44 günlük müharibə zamanı Gəncənin raketlərlə vurulması ilə bağlı onun bəyanatı olub və buna görə təəssüflənir.

Daha sonda məhkəmə prosesi yanvarın 21-dək təxirə salınıb.

Qeyd edək ki, zərərçəkmiş şəxslərin, onların nümayəndələrinin və hüquqi varislərinin iştirak etdikləri məhkəmə iclas zalında 350-dən çox şəxs olub.

Günəş Mərd

tag: Məhkəmə, Separatizim, Ramiz Yunus, Siyasət, Xəbər,todaypress.az