Qurban Yetirmişlidən ekstrasenslərə SƏRT TƏPKİ: “Hansı proqnozunuz düz çıxıb?!”
Video
03.04.2025 10:16
“Ekstrasenslər zəlzələ ilə bağlı proqnoz verərkən onun təbii hadisə olduğunu unudurlar”.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bunu TodayPress-ə müsahibəsində deyib.
O hesab edir ki, təbii fəlakətlərin baş verməsinin normal hal olduğunu artıq hər kəs qəbul etməlidir:
“İnsanlar gərək bu mövzuda maariflənsinlər. Ekstrasenslər çox söz deyə bilərlər. 50 cür proqnoz verirlər. Onun 49-u yalan,1-i isə təsadüfən düz çıxır. Bu zaman onu əllərində bayraq edib: “Gördünüz?” deyirlər. Lakin unudurlar ki, bu, təbii hadisədir, qaçınılmazdır. Ayrı cür onsuz da ola bilməz”.
Baş direktor bildirib ki, dünya ekstrasenslərin proqnozları ilə fırlanmır:
“Əgər belə olsa idi indiki müharibələr baş verməzdi. Dünyanı dağıdanların, insanları həlak edənlərin dilini-ağzını bağlayardılar, heç bir hadisə olmazdı. Ümumiyyətlə, bu günə qədər onların hansı proqnozları düz çıxıb? 50 dəfə “Mənim başıma iş gələcək” desək, onlardan mütləq ki, biri nə vaxtsa, təsadüfən baş verəcək. Bu zaman ekstrasens olaraq, doğru proqnoz vermiş oluruq?! Təbii ki, yox. Ekstrasenslər məndən inciməsinlər, onların proqnozlarını heç vaxt qəbul etmirəm”.
Q.Yetirmişli vətəndaşları zəlzələ ilə bağlı yaradılan süni ajiotajlara aldanmamağa çağırıb.
Qeyd edək ki, bir müddət öncə kliniki psixoloq, ekstrasens Zirəddin Rzayev 2025-ci ildə dəhşətli zəlzələ olacağı proqnozunu vermişdi.
Töhfə Səməd
tag: Qurban Yetirmişli,Baş Direktor,Ekstrasens,Təbii Fəlakət,Todaypress.az