Qumarbazlıq artır: Şirkətlər gənclərdən belə istifadə edirlər – ŞOK DETTALAR

Video

21.04.2025 13:04

Son illər mərc oyunları və qumar platformaları getdikcə daha çox insanı təsiri altına alır. Bu meyil, zamanla asılılığa çevrilərək, psixoloji və maddi problemlərə yol açan ciddi bir təhlükəyə çevrilir. 

Milli Məclisin deputatı Ceyhun Məmmədov bu barədə TodayPress–ə açıqlamasında bildirib ki, “İqromaniya” probleminin kökündə ciddi sosial boşluqlar və təbliğat çatışmazlığı dayanır.   

Onun sözlərinə görə, bu gün qumar və onlayn oyunlara maraq göstərən gənclərin sayı artır və bir sıra şirkətlər də bu vəziyyətdən istifadə edərək böyük maliyyə vəsaitləri qazanırlar.  Beləliklə problem daha da dərinləşir:   

"Bu hal, "İqromaniya" adı ilə tanınır və artıq bir xəstəlik kimi qəbul olunur. Bu asılılıq, narkomaniya kimi insanı mənəvi və maddi çöküşə aparır. Təəssüf doğuran məqam isə odur ki, bu məsələ cəmiyyətin diqqət mərkəzində kifayət qədər yer almır. Halbuki bu sahədə müəyyən şirkətlər gənclərin bu zəifliyindən istifadə edərək böyük gəlirlər əldə edirlər". 

Deputat vurğulayıb ki, ailə və təhsil ocaqları gəncləri bu təhlükəli vərdişlərdən qorumaq üçün daha fəal olmalıdırlar.   

"Gənclərin düzgün istiqamətə yönləndirilməsi üçün ailələrin və təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşür. Valideynlər övladlarına nəzarəti artırmalı, onları diqqətsiz buraxmamalı və bu məsələdə daim ayıq olmalıdırlar. Eyni zamanda, məktəblərdə də bu mövzu ilə bağlı davamlı maarifləndirmə tədbirləri həyata keçirilməlidir" deyə o qeyd edib. 

Ceyhun Məmmədov sonda bildirib ki, bu hal ciddi qəbul olunmalı və genişmiqyaslı tədbirlər görülməlidir. 

Türkan İsgəndərli

tag: Ceyhun Məmmədov,Deputat,Qumarbazlıq,Tədbir,Todaypress.az