Qriqorçukun “Neftçi” layihəsi baş tutmadı?

Video

17.09.2024 10:43

“Neftçi” futbol klubu ilə 2 illik müqaviləyə imza atan ukraynalı mütəxəssis Roman Qriqorçuk hazırlıq dönəmindəki qərarları ilə bir növ yeni mövsümdə rəqiblərinə sürpriz yaşadacağına işarə etmişdi. Amma biz bunun əksinin şahidi olduq. Onun “Neftçi” layihəsinin baş tutmadığını desək, yəqin ki, yanılmarıq. 

TodayPress xəbər verir ki, “Flaqman”ın mövsümün startından 6 oyunluq qələbə həsrəti belə düşünməyə əsas verir. Yerigəlmişkən Premyer Liqanın son turunda “ağ-qaralar” “Zirə”yə 0:2 hesabı ilə məğlub olub. 

Qeyd edək ki, “Qəbələ” dönəmindən yaxşı tanıdığımız çalışdırıcı hələ yeni mövsümə hazırlığın Türkiyə toplanışında qəbul etdiyi maraqlı qərarları ilə diqqət mərkəzinə düşmüşdü. O zaman ukraynalı məşqçi komandanı ictimaiyyətdən gizlətməyə dair göstəriş vermişdi. Hətta, yoxlama görüşlərindən icmal videolarının hazırlanmasına və təlim-məşq toplanışının gedişindən çəkilişlərin edilməsinə qadağa qoymuşdu. 

Artıq Roman Qriqorçukun bu addımı başa düşüləndir. Məqsəd rəqiblərin "Neftçi"nin mövcud durumu barədə məlumat toplamamasına xidmət edirdi. 

Ukraynalı mütəxəssisə gəlincə, Roman Qriqorçuk dəst-xətti bizə yad deyil. Təcrübəli mütəxəssis, 2015-ci ilin əvvəlindən 2018-ci ilin yayına qədər "Qəbələ"yə rəhbərlik edib. Qriqorçuk bu dönəmdə “qırmızı-qaralar”la 4 medal qazanıb. Bu kolleksiyada təkcə “qızıl” yoxdur. Çempionatda hər mövsümü "üçlük"də bitirən "Qəbələ" onunla 2 gümüş və 2 bürünc medala sahib çıxıb. 

Məhz onun rəhbərliyi ilə avrokuboklarda ardıcıl iki dəfə 4 təsnifat mərhələsi keçən "Qəbələ" qrupa vəsiqə qazanıb. Bu isə Avropa Liqasının yeni rekordu olub.

Əfsuslar olsun ki, mütəxəssis hələ “Neftçi” ilə dil tapa bilmir.  Azərbaycanın ən köklü klubu hazırda baxımsız oyunu ilə rəqiblərinə sürpriz yaşadır. 

Amma nəzərə alaq ki, Qriqorçuk 2 illik anlaşmanın icrasına yenicə başlayıb. Bəlkə Romanın yeni “Neftçi” romanı üçün bir qədər zamana ehtiyacı var? Gözləyək.  

Namiq HUN

tag: Qriqorçuk ,Neftçi, Roman, Azərbaycan, todaypress.az