Qərbin “Qrant agenturası” çökdü: Gürcüstan prezident seçkilərinə hazırlaşır
Video
26.11.2024 12:30
“ABŞ, Avropa İttifaqı (Aİ) və Fransanın Gürcüstan üzərində qurduğu planlar baş tutmadı. Çünki onlar düşünürdü ki, Gürcüstanda müxalifət seçkidən sonra Fransanın agenti olduğu iddia edilən prezident Salome Zurabişvilinin rəhbərliyi ilə kütləvi ixtişaşlar keçirəcək. Və bunun nəticəsində də hakimiyyəti devirmək, öz istədikləri kimi formalaşdırmağa nail olacaqlar. Lakin necə deyərlər: "Sən saydığını say, gör fələk nə sayır".
Bunu TodayPress-ə verdiyi açıqlamada politoloq Elçin Xalidbəyli deyib. Onun sözlərinə görə, hazırda Qərb Gürcüstandakı “Qrant agenturası”nın vasitəsilə hakimiyyətə təsir göstərmək üçün sonuncu cəhdlərini edir. Bu da uğursuz situasiyanın yaranması ilə müşahidə olunur:
“Lakin görünür Gürcüstan hakimiyyəti bu situasiyanı tez bir zamanda dəyişmək niyyətindədir. Artıq Salome Zurabişvilinin siyasi arenadan uzaqlaşdırılması prosesi başlayıb. Onun səlahiyyətlərinin sona çatmaq üzrə olduğu məlum məsələdir. Belə ki, yaxın tarixdə Gürcüstanda prezident seçkiləri keçiriləcək və Qərbin agenti hesab olunan Zurabişvili Gürcüstanın siyasi elitasında təmsil olunmayacaq. Həmin seçkilərdə əgər Qərbə bağlı olmayan prezident seçilərsə, Gürcüstan həmin təsir dairəsindən tamamilə çıxarılmış sayılacaq”.
Analitikin qənaətincə, Gürcüstan artıq Qərb üçün müəyyən mənada qapalı məkana çevrilir. Və Cənubi Qafqazda Qərbin geopolitik aləti olaraq yalnız Ermənistan qalır.
Qeyd edək ki, noyabrın 25-də Gürcüstan parlamentinin spikeri vəzifəsinə namizəd Şalva Papuaşvilinin açıqlamalarına əsasən, bu il adı çəkilən ölkədə prezident seçkiləri keçiriləcək. Spiker bildirib ki, seçkinin tarixi noyabrın 26-da elan ediləcək.
Töhfə Səməd