Qərb müşahidə missiyasını, hərbi missiyaya çevirmək niyyətində idi

Video

27.11.2024 09:55

“Avropa İttifaqının Azərbaycan-Ermənistan şərti sərhədinin Ermənistan tərəfində fəaliyyət göstərən mülki müşahidə missiyası bura göndəriləndə onlar üçün uzaq hədəflər nəzərdə tutulub”.

Politoloq Oqtay Qasımov bunu TodayPress-ə danışarkən bildirib. 

O, hesab edir ki, Aİ-nin mülki müşahidə missiyasının bölgədə fəaliyyəti Avropa İttifaqının, Qərbin gələcəkdə bu bölgədə yerləşməsi üçün əsas amillərdən biri hesab olunur. Onların bu missiyanı gələcəkdə hərbi bazaya, hərbi missiyaya çevirmək niyyətləri də var: 

“Xüsusilə də nəzərə alsaq ki, bu missiyanın bölgəyə göndərilməsində ən aktiv rolu Fransa oynayıb məsələ daha da aydın olur. Bəllidir ki, Fransa bölgədə sülhün olmasında maraqlı deyil və Ermənistan üzərindən bölgəyə yerləşmək, burada özünün hərbi bazasını qurmaq istəyir. Aİ-nin mülki missiyasının bölgədə qaldığı iki ildən artıq müddətdə fəaliyyət göstərib hansısa bir sabitləşdirici rol oynadığını görmədik.  Əksinə bu missiya zamanla Azərbaycan sərhədlərində müxtəlif təxribatçı fəaliyyətlə məşğul oldu. Bu da Azərbaycan tərəfindən etirazla qarşılandı”. 

Analitik diqqətə çatıdırıb ki, Azərbaycan məhz Ermənistanla birbaşa danışıqların tərəfdarı olub, bu danışıqlardan nəticə alınmağın daha efffektiv olduğunu əyani şəkildə sübut edib. Sərhədlərin demarkasiya və delimitasiya prosesinin də həyata keçdiyi bir dönəmdə bölgədə belə bir missiyaya ehtiyac olmadığını bildirib:

“Amma Paşinyan və Ermənistan hakimiyyəti indi digər məsələlərdə olduğu kimi burada da monipulyasiya etməyə çalışır. Belə ki, Paşinyan hakimiyyəti həm ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması və Aİ-nin missiyasının bölgədən çıxarılması kimi məsələlərdə prosesi uzatmaq istəyir. Sülh müqaviləsinin tezliklə imzalanması isə bu məsələlərə bağlıdır”. 

O.Qasımov sonda əlavə edib ki, hazırda ilin sonuna qədər sülh müqaviləsinin imzalanması real görünmür. Çünki tərəflər arasında mühüm hesab edilən məsələlər hələ də razılaşdırılmayıb.

Qeyd edək ki, Aİ müşahidəçiləri Ermənistanda 2023-cü ildə 2 il müddətinə yerləşdirilib, onların səlahiyyət müddəti 2025-ci ilin fevralında başa çatır və Ermənistan müddətin uzadılması üçün müraciət etməsə, missiya başa çatacaq.

Günəş Mərd

tag: Qərb,Aİ,Azərbaycan, Ermənistan, Fransa, todaypress.az