Qarışıq döyüş sənəti peşəkarlarının ŞOU GECƏSİ

Video

05.11.2024 09:50

UFC həvəskarlarını Abu Dabiyə dəvət edirik. UFC 308 gecəsi bizə hansı hissləri yaşatdı. 

TodayPress xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidəki (BƏƏ) Etihad İdman Kompleksinin ev sahibliyi etdiyi gecə İliya Topuriya və Maks Hollouey arasında keçirilən çempionluq döyüşü, Həmzət Çimayevin oktaqona qayıdışı və Şara Bulletin yeni döyüşü ilə əlamətdar olub. 

Gecənin əsas hadisəsinin qəhrəmanları ilə tanış olaq. 

Çempion kəmərinin sahibi, 27 yaşlı gürcü əsilli ispaniyalı İliya Topuriya buna qədər peşəkar MMA-də keçirdiyi 15 döyüşün heç birində məğlub olmayıb. İspan 5 qələbəni nokautla, 8-ni təslim, 2-ni isə qərarla qazanıb. Matador 2024-cü il fevralın 17-də UFC 298-də avstraliyalı Aleksandr Volkanovkaya ikinci raundda texniki nokautla qalib gələrək yüngül çəkidə kəmərin sahibi olub. 

Topuriyanın “Blessed One” ləqəbli 32 yaşlı amerikalı rəqibi Maks Hollouey Abu Dabi tirnirinə qədər peşəkar karyerasında 26 qələbəyə sevinib və 7 məğlubiyyət acısı yaşamışdı. Hollouey 13 aprel 2024-cü il tarixində baş tutan UFC 300 turnirində beşinci raundun son saniyəsində həmyerlisi Castin Geycini nokautla məğlub edərək “Ən təhlükəli” titulunu qazanmışdı. 

Bu ad Abu Dabi gecəsində Topuriyanı qorxutmayıb. Matador “Blessed One”ı 3-cü raundda nokautla məğlub edib. Kəmərinə sahib çıxan İliya Topuriyanın aktivində artıq 6 nokautlu qalibiyyət var.     

UFC çempionu hesab edir ki, o, bir axşam şousunda turnirin bütün iştirakçıları ilə döyüşə bilər.

“Mənimlə yüngül çəkidə döyüşmək hər kəsə çox çətin olacaq. Arıqlamaq məcburiyyətində olmasaydım, onların hamısı ilə bir gecədə döyüşə bilərdim. Hamısı ilə”.

Keçmiş UFC çempionu Maks Hollouey də gələcək planlarını açıqlayıb və qarşılaşmaq istədiyi rəqibin adını çəkib.

“Təbii ki, mən tarixin ən böyük döyüşçülərindən biri olmaq istəyirəm. Döyüşlərin bütün dadını, bütün sərinliyini hiss etmək istəyirəm. İslam Maxaçevlə döyüşmək və adımı tarix kitablarına yazmaq şərəf olardı”.

Zaman göstərdi ki, Topuriyadan nokautlu məğlubiyyətin dadını hiss edən Maks hələ şərəf döyüşünə hazır deyil. Bunun üçün o UFC 308 gecəsinin yadda qalan siması olmalı idi. 

Xatırladaq ki, UFC prezidenti Dana Uayt UFC 308 gecəsinin əsas hadisəsi ilə bağlı qarışıq hisslər səsləndirmişdi.

“Topuriya-Hollouey dəhşətli döyüşdür. Hər ikisini bəyənirəm, lakin onlar bir-birinə qarşı getməlidirlər və kimsə uduzmalıdır. Bu pisdir. Maks Hollouey tarixin ən böyük döyüşçülərindən biridir və sadəcə çox gözəl oğlandır. Topuriya isə əsl rok ulduzudur. Döyüş maraqlı olmalıdır”.

Həqiqətən də, döyüş maraqlı oldu. Dana Uaytın rok ulduzu sözün əsil mənasında ulduz olduğunu baxımlı döyüşü ilə sübut etdi. Hollouey isə son şoudan sonra gözəlliyini tam olmasa da, qismən itirdi. Nokautlu məğlubiyyətdən sonra çətin güzgü səni gözəl göstərə.    

Oktaqona qayıdışı təmtəraqla qeyd olunan Həmzət Çimayev də Abu Dabidə adından söz etdirməyi bacarıb. 

 Şouda Birləşmiş Ərəb Əmirliklərini təmsil edən rusiyalı döyüşçü gecədə keçmiş orta çəki çempionu, avstraliyalı Robert Uittaker ilə münasibətlərinə aydınlıq gətirib. UFC 308-ə qədər Çimayevin aktivində 5-i nokaut, 6-sı təslim, 2-si qərar olmaqla 13 qələbə var idi. Həmzət peşəkar səviyyədə bir dəfə də olsun məğlubiyyətlə üzləşməyib. Çimayev sonuncu dəfə 2023-cü il 21 oktyabr tarixində baş tutan UFC 294 turnirində nigeriyalı Kamaru Usmana üç raunddan sonra səs çoxluğu ilə qalib gəlib. Bu dəfə səs çoxluğu lazım olmayıb. 1-ci raundda Uittaker “Borza”nın ağrıdıcı fəndi qarşısında tab gətirməyərək təslim olub. 

Şara Bullet də yeni döyüşünü intizarla gözləyən pərəstişkarlarını məyus etməyib. Rusiyalı orta çəkili Şarabutdin Maqomedov UFC ailəsində daha çox Şara Bullet kimi tanınır. O, gecənin əsas döyüş kartını erməni əsilli rusiyalı Armen Petrosyanla döyüşdə açıb. İkinci raundda rəqibinə texniki nokautla qalib gələn Bulletin peşəkar MMA rekordu artıq məğlubiyyətsiz 15 qələbədən ibarətdir. 

Namiq HUN

tag: UFC, Abu Dabi, Döyüş, Birləşmiş Ərəb Əmirlikləri, todaypress.az