“Qarabağ”ın böyükhesablı məğlubiyyətinin səbəbi - MÜTƏXƏSSİSLƏRİN RƏYİ

Video

21.08.2024 15:40

“Əgər 75 dəqiqəni nəzərə alsaq, hesab oyuna görə deyildi”.

Bunu futbol mütəxəssisi Arif Əsədov TodayPress-ə açıqlamasında dedi. O, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb “Dinamo”sunun “Qarabağ” üzərində qazandığı 3:0 hesablı qələbəsini belə şərh etdi:

"Ötən dəqiqələr ərzində üstünlük “Qarabağ”da idi. Hesab 1:0 olanda bir neçə qol epizodlarından istifadə edə bilmədi. Amma, əvəzində əks-hücumda yaxalandı. Zaqreb təmsilçisi ələ düşən boşluqlardan məharətlə istifadə etdi. İlk oyundan sonra mən deməzdim ki, “Dinamo” “Qarabağ”dan bir baş üstündür. Məncə hələ heç nə bitməyib. “Qarabağ” ev oyununda erkən qola imza ata bilsə, növbəti mərhələyə adlamağı bacaracaq".

Futbol mütəxəssisi Siyasət Əsgərov isə “Dinamo”nun “Qarabağ”ı çox yaxşı analiz etdiyini bildirdi:  

“Rəqib keyfiyyətini ortaya qoyaraq qolun vurulmasına imkan vermədi. Əvəzində “Qarabağ”ın səhvlərindən layiqincə istifadə edərək, istədiyi nəticəyə nail oldu. Çətin durumda olsaq da, “Qarabağ”ın mübariz komanda olduğunu bilirik. Amma düşünürəm ki, çətin olacaq. Çünki, 3:0 rəqib üçün böyük üstünlükdür. Bununla belə “Qarabağ” hər zaman ilklərə imza atıb. Düşünürəm ki, bu hesabdan sonra böyük bir ilk edib, mərhələ keçərək Çempionlar Liqasının qrupuna düşəcək”.

Qeyd edək ki, “Qarabağ” və “Dinamo” komandaları arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu avqustun 28-də Bakıda keçiriləcək. 

Namiq HUN

tag: Qarabağ,Dinamo, UEFA, Liqa,Siyasət Əsgərov, todaypress.az