“Qarabağ” Norveç çempionuna qarşı
Video
07.11.2024 09:49
UEFA Avropa Liqasının Liqa mərhələsində mübarizə aparan “Qarabağ” IV tur çərçivəsində Norveçdə “Bodo Qlimt”lə qarşılaşacaq.
TodayPress xəbər verir ki, iki cəbhədə yarışan Bodo təmsilçisi hazırda yaxşı günlərini yaşamır. “Bodo Qlimt” ölkə çempionatında keçirdiyi son 3 oyunda cəmi 2 xal qazanıb.
Əvəzində komandanın Avroliqada işləri əla gedir. “Bodo Qlimt” 3 oyuna 7 xal toplayıb. Vikinqlər “Porto” və “Braqa”ya məğlubiyyət acısı yaşatmağı bacarıb. Turnirin ən formada olan komandası “Qarabağ”a qarşı öz evində oynayacaq. Bütün proqnozlar onların xeyrinədir.
Baş məşqçi Knutse döyüşkən, sona qədər təslim olmayan, qələbə üçün nə mümkündürsə, etməyə hazır olan komanda yaradıb.
Amma “Bodo Qlimt” məğlubedilməz də deyil. Bodo təmsilçisinin qələbə istəyi olduğu kimi, “Qarabağ” da istəklidir.
Norveçlilər üçün problemli mövqe hücumçuların arzuolunan səviyyədə çıxış etməməsidir. Norveç çempionatının son turunda vurulan 3 qolda ön xətt oyunçularının imzası olmayıb.
Bundan başqa “Bodo Qlimt” topu özündə saxlayıb, mövqe hücumları edən komandalara qarşı problem yaşayır.
Bir sözlə, “Qarabağ” səbrli oynayıb, təmkinini qoruya bilsə, uğurlu nəticəyə ümid etmək olar.
Azərbaycan çempionu buna qədər norveçdən sərfəli nəticə ilə dönməyi bacarıb, bu indi də mümkünsüz bir iş deyil.
Azərbaycan və Norveç klublarının avrokuboklarda baş tutan 7 duelindən 3-ü “Qarabağ”ın payına düşür.
Birinci belə qarşılaşma 2009-cu ilə təsadüf edib. Avropa Liqasının II təsnifat mərhələsinin ilk matçında səfərdə “Rusenborq”la qolsuz heç-heçə edən “Qarabağ” Bakıda rəqibini minimal hesabla üstələyib 1:0.
“Qarabağ” 12 ildən sonra yenidən Norveç klubu ilə qarşılaşıb. “Köhlən atlar” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Molde”yə 0:0 hesabı ilə bitən görüşün penaltilər seriyasında uduzub 5:6.
Azərbaycan çempionu ötən mövsüm Avropa Liqasının qrup mərhələsində də “Molde” ilə görüşüb. Bakıda qalib gələn (1:0) “Qarabağ” səfərdəki oyunda heç-heçəyə razılaşıb 2:2.
“Qarabağ”ın Liqa mərhələsindəki son göstəriciləri isə heç ürəyə yatmır. Ağdam təmsilçisi keçirdiyi ilk üç oyunda məğlub olub. “Köhlən atlar” “Tottenhem”ə səfərdə 0:3, “Malmö” və “Ayaks”a isə evdə müvafiq olaraq 1:2 və 0:3 hesabı ilə uduzub.
Artıq tilsimi sındırmaq lazımdır. Biz məsləhət verdik. İşi yaxşı bilən iş görməlidir ki, bilməyən tənqid edib, ləkə atmasın.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun “Bodo Qlimt” – “Qarabağ” oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.
Namiq HUN