“Qarabağ” fransalı “uşaqlar”a qarşı
Video
26.11.2024 15:19
UEFA Avropa Liqasının Liqa mərhələsində mübarizə aparan “Qarabağ” klubu V tur çərçivəsində Bakıda “Olimpik Lion”la qarşılaşacaq.
TodayPress xəbər verir ki, Azərbaycan çempionunun budəfəki qonağı, “xoruzlar” diyarının, ölkədaxili titullardan korluq çəkməyən ən uğurlu klublarından biridir.
“Olimpik Lion”un cari mövsüm Liqa 1 çempionluğundan əlini çəkdiyini desək, yəqin ki, yanılmarıq. Komanda hazırda yaxşı günlərini yaşamır.
“Olimpik Lion” maliyyə probleminə görə Səid Benrahma, Qift Orban, Ernest Nuama, Maksens Kakere və Sael Kembedini satmağa qərar verib. Klub bu yolla həm borclarını ödəməyə, həm də yüksək maaş yükündən azad olmağa çalışır.
Liqa 1 təmsilçisi mövsümün sonuna qədər borclarını ödəməsə elitanı tərk edəcək. Hazırda maddi sıxıntılar yaşayan kluba transfer qadağası qoyulub.
Lion şəhərinin eyni adlı komandası borclarını ödəyə bilməyəcəyi təqdirdə növbəti mövsüm Fransa Liqa 2-də mübarizə aparacaq.
Bu səbəbdən fransalı “uşaqlar” UEFA Avropa Liqasından möhkəm yapışıblar. Elə yeni format da onlara düşərli olub. Komandanın Avroliqada işləri əla gedir.
“Olimpiakos”a (2:0) evdə, “Reyncers”ə (4:1) səfərdə qalib gələn “Olimpik Lion” yalnız “Beşiktaş”dan (0:1) məğlubiyyət acısı yaşayıb. Pyer Saqenin yetirmələri son turda “Hoffenhaym”la xalları bölüşdürüb. 7 xalla 9-cu olan Lion təmsilçisini xoşbəxt səkkizlikdən çox cüzi xal fərqi ayırır.
Amma buna baxmayaraq, turnirin ən formada olan komandalarından biri sayılan “Olimpik Lion”un Bakı səfərində işi çox çətin olacaq.
Matçdan öncə UEFA azarkeşlər arasında sorğu keçirib. Səsverməyə qatılanlar “Qarabağ”ı daha şanslı sayır. Onların 84 faizi “köhlən atlar”ın qalib gələcəyini gözləyir. “Olimpik Lion”un uğuruna isə cəmi 12 faiz inanır. Qiymətləndirmə iki komanda arasında 7 qat fərq yaradıb. Təki azarkeşlərin gözləntiləri çin olsun.
Qeyd edək ki, fransalı “uşaq” Nemanya Matiç “Qarabağ”la oyun ərəfəsi iddialı açıqlaması ilə diqqət mərkəzinə düşüb. 36 yaşlı serbiyalı yarımmüdafiəçi “Olimpik Lion”un Çempionlar Liqasında oynamalı olduğunu deyib və Avropa Liqası hədəfləri barədə də fikir səsləndirib:
“Avropa Liqasında bizim mövqeyimiz yaxşıdır. Əlimizdən gələni edəcəyik ki, bu turnirin qalibi olaq”.
Necə deyərlər: "Sən saydığını say, gör fələk nə sayır".
“Qarabağ” da pley-off şansını itirməyib. Azərbaycan çempionu “Bodo Qlimt” uğuru ilə azarkeşləri çox ümidləndirib. Norveç zəfəri ilə tilsimi qıran “Qarabağ” Liqa mərhələsinin növbəti turlarında da fürsəti qaçırmamalıdır.
UEFA-nın baxış bucağından desək, qonağların öyünə bilməyəcəyi şansları çox istərdik ki, yenə “Qarabağ” reallaşdırsın.
Artıq rəqib Azərbaycana qarşı Fransanın qərəzli mövqeyi fonunda siyasi mesajını alıb.
“Qarabağ”ın “Olimpik Lion”un azarkeşlərinə ayırdığı simvolik bilet sayı 448-dir. Bu, sıradan bir rəqəm deyil. “44” 44 günlük müharibəyə, “8” isə Zəfər Gününə işarədir.
Bəli, birmənalı şəkildə deyə bilərik ki, Bakıda “Olimpik Lion”un işi çox çətin olacaq.
Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Olimpik Lion” matçı saat 21:45-də başlayacaq.
Namiq HUN