Qanunla pulsuz verilməli olan dərmanları, onkoloji xəstələr niyə əldə edə bilmirlər?

Video

25.11.2024 10:20

“Onkoloji xəstəliklərin sığorta ilə qarşılanması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Milli Onkologiya Mərkəzi ilə müzakirə aparır”.

Bu barədə TodayPress-in sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib. 

Qurumdan qeyd olunub ki, hazırda onkoloji xəstəliklərlə bağlı mövcud vəziyyət təhlil edilir, tibbi statistik məlumatlar analiz edilir:  

“Xidmətin maliyyə yükü proqnozlaşdırılır, icbari tibbi sığorta fondunun büdcəsinin imkanları öyrənilir və xidmətin göstərilməsi imkanları araşdırılır. İcbari tibbi sığortanın Xidmətlər Zərfində dəyişikliklər olduqda bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Millət vəkili Fazil Mustafa mövzu ilə bağlı TodayPress-ə danışarkən bildirib ki, bu məsələ dəfələrlə parlamentdə müzakirəyə çıxarılıb. Onun sözlərinə görə, hazırda onkoloji xəstəlikdən əziyyət çəkən 10 minlərlə insan var və getdikcə sayları artır. Onların müalicəsinin İcbari Tibbi Sığorta tərəfindən təmin olunması mütləqdir: 

“Çünki bu xəstəliklərin müalicəsində istifadə olunan dərmanlar olduqca bahadır. Əksəriyyət buna görə, evindəki sonuncu əşyasını belə satmaq, banklardan kredit götürmək, borc almaq məcburiyyətində qalır. Yaxını öləndən sonra isə özü də pis vəziyyətə düşür. Buna görə də biz vətəndaşın tələbatını qarşılayacaq addımlar atmağa çalışmalıyıq. Bunun üçün gecikməməliyik. Çünki burada söhbət minlərlə insanın taleyindən gedir. Çalışmalıyıq ki, onların vəziyyəti yüngülləşsin”. 

Qeyd edək ki, bir müddət öncə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun 2025-ci il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı onkoloji xəstələrlə bağlı səsləndirdiyi fikirlər onkoloji xəstələrin icbari tibbi sığorta ilə müalicə olunması məsələsini yenidən gündəmə gətirib. O, qeyd edib ki, onkoloji xəstələrin hələ də icbari tibbi sığortaya cəlb olunmaması qəbuledilməzdir. Deputatın sözlərinə görə, bu xəstələrin müalicəsində istifadə olunan dərmanları icbari tibbi sığorta öz öhdəsinə götürməlidir. 

Yerigəlmişkən, onkoloji xəstələrə xidmətlə bağlı, müalicənin keyfiyyətinin, xidmətlərin təkmilləşdirilməsi ilə bağlı 2025-ci ilin dövlət büdcəsindən 60,4 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu, 2024-cü illə müqayisədə 10,3 milyon manat çoxdur.

Günəş Mərd

tag: Onkoloji Xəstələr, Qiymət,Məlumatlar, Analiz, todaypress.az