Qafqazın barıt çəlləyini maliyyələşdirən Qərb

Video

04.07.2024 12:07

Ermənistan və ABŞ yeni Atom Elektrik Stansiyasının (AES) tikintisini müzakirə edir. Bu barədə ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat yayıb. 

Məsələ ilə bağlı TodayPress-ə açıqlama verən politoloq Zaur Məmmədovun sözlərinə görə, AES-in yaxın tarixlərdə yaradılması gözlənilən deyil. Yol resursları, kommunikasiya, maliyyə məsələləri, Ermənistandakı qeyri-sabit vəziyyət və ən əsası da hazırda ABŞ-də gedən prezident seçkiləri buna imkan verməyəcək. Politoloqun fikrincə, Nikol Paşinyan indi Rusiyanın xoşuna gəlmək üçün addımlar atır, amma buna baxmayaraq Ermənistan hər an cildini dəyişə bilər: 

“ABŞ-də son günlər respublikaçılar və demokratlar partiyası arasında baş verən debatlardan və Ukraynadakı hadisələrdən sonra Ermənistan getdikcə Rusiyaya yaxınlaşmağa başlayıb. Çünki onlar elə ümid edirdilər ki, Rusiya müharibədə məğlub olacaq, buna görə də Qərbyönümlü siyasət aparırdılar”. 

TodayPress-ə açıqlama verən politoloq Tural İsmayılov isə qeyd edib ki, iki ölkə arasında sülh danışıqlarının müzakirə olunduğu bir vaxtda Ağ Ev rəsmilərinin Ermənistana tez-tez səfər etməsi və belə qəribə anlaşmaların əldə olunması heç də doğru deyil. Onun qənaətincə, Ağ Ev artıq uzun müddətdir ki, Ermənistandan istifadə edərək Cənubi Qafqazda öz siyasi-iqtisadi maraqlarını artırmağa çalışır: 

“Metsamor AES-nin mövcudluğuna region və ətraf ölkələr illərdir ki, etiraz edirlər. Lakin Ermənistan hələ də buna məhəl qoymur, AES-in fəaliyyətini dayandırmağı heç düşünmür. Bunun fonunda ABŞ-nin bu addımı regional baxımdan da qəbuledilməzdir. Orada baş verə biləcək hər hansı qəza təkcə Ermənistana deyil, həm də bölgədəki ölkələrin ekologiyasına, insanlarına ciddi ziyan vuracaq”. 

Xatırladaq ki, stansiyadan əlavə ABŞ-nin Ermənistanda 10-dan çox hərbi laboratoriyası da var. Sayları isə hər ötən gün artmaqdadır. 

Maraqlısı odur ki, ABŞ ilə Ermənistanın daha çox yaxınlaşması sülh müqaviləsinin imzalanmasını bir o qədər uzaqlaşdırır.

Töhfə Səmədova

tag: Qafqaz, Ermənistan, Atom, Zaur Məmmədov, Paşinyan, Tural İsmayılov, todaypress.az