“Qafqaz evi” hədəfi reallaşır: “Ermənistan Aİ-nin qapılarını Türkiyəsiz aça bilməyəcək”
Video
24.01.2025 19:00
“Ermənistanın Baş nazir Nikol Paşinyanın Aİ-yə üzv olmaq üçün prosedurlara başlaması Qərbdən siyasi-iqtisadi və hərbi yardımlar almasına hesablanıb”.
TodayPress xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə bildirib.
Onun sözlərinə görə, Baş nazir Rusiya ilə strateji müttəfiqliyin Ermənistanı forpost halına salmasının və Kremldən asılı vəziyyətə düşməsinin fərqindədir:
“Digər tərəfdən də Aİ-yə üzvlük məsələsini də gündəmə gətirib. Zənnimcə, Ermənistan referendum keçirib, əhalinin səsini qazansa da, İttifaqa üzv ola bilməyəcək. Çünki Ermənistanın Aİ ilə quru sərhədi olmalıdır. Bu, Brüssel üçün əsas şərtlərdən biridir. Bunun üçün isə Türkiyə İttifaqa üzv olmalıdır. Yəni Ermənistanın üzvlüyü Türkiyədən asılıdır. Aİ isə illərdir müxtəlif bəhanələrlə Ankaranın üzvlüyünü əngəlləyir”.
Analitikin qənaətincə, hazırda Ermənistan Türkiyə ilə normallaşma prosesini sürətləndirməyə çalışır. Rəsmi Ankara da bu məsələdə maraqlıdır, lakin bunun üçün ilk növbədə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır. Türkiyə bu məqsədlə iki ölkə arasında sülh sazişinin bağlanması üçün çalışır.
“Türkiyənin geosiyasi hədəfi bölgədə “Qafqaz evi” qurmaq və regionda mövqelərini daha da gücləndirməkdən ibarətdir. Bunun üçün də Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmalıdır. Türkiyə Cənubi Qafqazda siyasi sabitlik və sülhü təmin edə bilərsə, Aİ-yə üzv ola bilər. Çünki beynəlxalq siyasi nizam dəyişir və İttifaqın cənub-şərq cinahı üçün Türkiyə kimi bir ölkəyə ehtiyacı yaranacaq”.
Politoloqun fikrincə, Türkiyənin iştirakı olmadan Gürcüstanın da Aİ-yə üzvlüyü mümkün olmayacaq. Tbilisi və Brüssel arasındakı son durum bunu deməyə əsas verir.