Pirotexniki vasitələrin satışına icazə var? - DİN-dən vətəndaşlara müraciət
Video
18.12.2024 15:44
Yeni il ərəfəsində pirotexniki vasitələrin satılması faktlarında artım müşahidə olunur. Mağazaların şüşələrində “burada fişəng və “partlaqdan” satılır” kimi elanlar yapışdırılıb. Hətta sosial şəbəkələr vasitəsilə də bu məhsulların satışı ilə məşğul olanların sayı olduqca çoxdur.
Bəs bu kimi vasitələrin satışına hansı hallarda icazə verilir?
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov TodayPress-ə bildirib ki, məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirləri çərçivəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların satışını qanunsuz təşkil etmək qadağandır.
“Pirotexniki məmulatlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısına daxil edilib və onun dövriyyəsinə müvafiq dövlət qurumu tərəfindən verilən “xüsusi icazə” əsasında yol verilir. Pirotexniki məmulatların satışı aşkar olunarkən həmin vasitələr satışdan çıxarılır, satışı ilə məşğul şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta tərkibi haqqında protokol tərtib olunaraq baxılması üçün səlahiyyətli orqana - məhkəmələrə göndərilir”.
Polis leytenantı vətəndaşlara müraciət də edib. O, qeyd edib ki, təhlükəsizlik standartlarına cavab verməyən bu vasitələr insan sağlamlığına mənfi təsir göstərməklə yanaşı, tez alışan maddə olduqlarına görə ətrafa da ciddi ziyan vura bilərlər. Ona görə də vətəndaşları bu kimi əməllərə yol verməməyə çağırırıq.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, partlayıcı maddələrin gəzdirilməsinin, əldə edilməsinin və satılmasının məhdudlaşdırılmasının və ya qadağan edilməsinin pozulmasına görə - fiziki şəxslər 40 manatdan 80 manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə 15 günədək müddətə inzibati həbs tətbiq olunur. Vəzifəli şəxslər 350 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 yüz manatadək məbləğdə cərimə edilir.
Töhfə Səməd
tag: Pirotexniki vasitə, Satış, İcazə, Cərimə, todaypress.az