Peşə təhsilinə artan maraq: QƏBUL ÇOXALDI - Ekspert səbəbini açıqladı
Video
21.08.2024 12:49
2024-2025-ci tədris ili üçün peşə təhsil müəssisələrinə 31 min plan yeri ayrılıb. Ötən il isə bu rəqəm 25 min olub.
TodayPress xəbər verir ki, bu da ötən illə müqayisədə 20% çoxdur.
Məsələ ilə bağlı TodayPress-ə danışan təhsil eksperti Elmin Nurinin sözlərinə görə, təkcə 10 gün ərzində müraciətlər 21 min 151 nəfərdən, 67 minə yüksəlib. Onun fikrincə, peşə təhsilinə marağın artmasına bir neçə amil səbəb ola bilər:
“Birincisi son illərdə Azərbaycan təhsilində inkişaf etmiş ən üstün xətt peşə təhsilidir. Peşə təhsilinin özünün rentabilliyi, praktiki təcrübələri, sənayedə, istehsalatda yüksəkliyi ilə bir çox gəncləri özünə cəlb etməyə başlayıb. Artıq insanlar özlərinə uyğun peşəni seçməyə maraqlıdırlar. Tutaq ki, Memarlıq və İnşaat universitetinin ekologiya mühəndisliyini oxumaqdansa peşə təhsili müəsisələrində komputer təmiri və sazlanması, maşinist kimi ixtisasları mənimsəməyi üstün tuturlar. Bu cür nümunələr həddindən artıq çoxdur. Digər məsələ isə ildən ilə universitetlərə qəbulun çətinləşməsi, eyni zamanda universitetlərin sayının azlığı peşə təhsilinə marağı artıran amillərdəndir. Ona görə də düşünürəm ki, peşə təhsilinə müraciətlər daha da çoxalacaq”
Qeyd edək ki, 2023–2024-cü tədris ilində ilk peşə təhsili üzrə 1580, texniki peşə təhsili üzrə 27 min 511, yüksək texniki peşə təhsili üzrə isə 2 min 415 nəfər təhsil alıb.
Hazırda ölkədə 84 peşə təhsil müəssisəsi var ki, onlardan yalnız biri özəl peşə məktəbi kimi fəaliyyət göstərir. Ölkəmizdə 8 yeni təhsil ocağının inşası da nəzərdə tutulur.
Aytac Müşfiq