Pensiya kapitalını tam götürmək mümkün ola bilər - Deputatdan açıqlama
Video
06.12.2024 11:09
“Pensiya kapitalının istifadəsi ilə bağlı Milli Məclisdə bir sıra müzakirələr aparıldı. Təkliflərimizdən biri də Sinqapur və bir sıra digər dövlətlərdə olduğu kimi, pensiya kapitalından istifadə ilə bağlı idi”.
Bunu TodayPress-ə verdiyi açıqlamada Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O, xarici ölkələrdən nümunə gətirərək məsələnin mahiyyətindən danışıb:
“Məsələn ABŞ-də minimum və orta pensiya kapitalı anlayışı var ki, vətəndaşlar həmin vəsaitdən istifadə etmək imkanına malikdir. Və ya həmin illər ərzində toplanmış pullardan kreditlərin, kommunal xidmətlərin ödənilməsi üçün də istifadə edilə bilir. Bütün bunlar olduqca müsbət və vətəndaşa dəstək olan addımlardır. Uyğun praktikanın Azərbaycanda da tətbiqi təklif edilib”.
Parlamentarinin qənaətincə, müvafiq istiqamətdə maliyyə qiymətləndirilməsi aparıldıqdan sonra hansı mümkün addımların atılması ilə bağlı qərar verilə bilər. Bu zaman mütləq formada Azərbaycan Qanunvericiliyi də nəzərə alınacaq. “Lakin hələ də məsələ müzakirə olunduğu üçün nə zaman tətbiq ediləcəyi ilə bağlı dəqiq tarix demək mümkün deyil” deyə deputat diqqətə çatdırıb.
Misal üçün deyə bilərik ki, Böyük Britaniyada insanların erkən pensiyaya çıxma hüquqları var. Kapitalda yığılan vəsaiti almaq üçün isə vacib olan əsas şərt ən az 10 il vergiləri qaydasında ödəməkdir.
Ən rahat sistem isə İsveçdədir. Qayda olaraq 65 yaş pensiya yaşı olsa da, daha əvvəl çıxmaq mümkündür. Bu zaman şəxsi pensiya kapitalında yığılan vəsaiti götürə və rahatlıqla istifadə etmək olar. Eyni qayda Norveç, Kanada, Avstraliya kimi ölkələrdə də mövcuddur.
Töhfə Səməd