Pensiya kapitalından necə istifadə etmək olar? - İZAH
Video
07.05.2025 18:45
Pensiya kapitalından istifadə imkanları son dövrlər ən çox müzakirə edilən mövzulardandır. Bununla bağlı fərqli dövlətlərdə müxtəlif modellər tətbiq olunur. Bəs, hansı hallarda pensiya kapitalından istifadə oluna bilir?
TodayPress xəbər verir ki, bu suala Milli Məclisin deputatı Vüqar Bayramov cavab verib.
Onun sözlərinə görə, Azərbaycanda dünyasını dəyişən şəxsin pensiya kapitalından bir sıra hallarda vərəsələrinin istifadəsi nəzərdə tutulub.
Hazırda mövcud qanunvericiliyə əsasən vəfat edən ailə başçısının öhdəsində olan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ var.
"Belə ki, vəfat etmiş şəxslərin 18 yaşına çatmayan,18 yaşına çatanadək əlilliyi müəyyən olunan, 18 yaşından yuxarı əlilliyi olan şəxs və ya təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlarlar bu hüquqdan yararlana bilirlər. Həmçinin, ata və ana, həyat yoldaşı (ər və ya arvad) pensiya yaşına çatıbsa və ya orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən olunubsa, onlar da bu hüquqa malikdirlər. Bununla yanaşı, valideynlərdən biri, ər (arvad), baba, nənə, qardaş və ya bacı vəfat edən şəxsin 8 yaşına çatmayan uşağına, qardaşına, bacısına və ya nəvəsinə baxırsa və işləmirsə, onların da sosial təminat hüququ var. Bu hüquq yaşından və əmək qabiliyyətindən asılı olmayaraq həmin şəxslərə şamil olunur.".
Deputat bildirib ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, əgər vəfat edən ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyası alırdısa, onun ailə üzvləri ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququna malikdirlər.
Bu halda ödəniləcək pensiyanın sığorta hissəsinin məbləği, vəfat edən şəxsin aldığı yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətsiz ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyən edilir. Sadə dildə desək, ailə üzvləri arasında əmək qabiliyyəti olmayan şəxslərin sayı əsas götürülməklə, ailə başçısına düşən pensiyanın sığorta hissəsi nisbət şəkildə bölüşdürülür.
Vüqar Bayramov qeyd edib ki, qanunvericiliyə edilən yeni dəyişikliklərə əsasən, vəfat edən ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmayan pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır.
Türkan İsgəndərli