Paşinyanın yeni yol təklifinə rəsmi Bakının cavabı nə olacaq? - ŞƏRH
Video
03.02.2025 13:40
"Bu günə qədər Ermənistan tərəfi rəsmi Bakının Zəngəzur dəhlizi ilə Naxçıvana maneəsiz gediş-gəliş təklifini suverenliyə müdaxilə kimi qəbul edərək, etiraz edirdi. Amma artıq Ermənistanın Baş naziri Paşinyan Azərbaycanın bu təklifini qəbul etmiş oldu".
Politoloq Məhəmməd Əsədullazadə bu barədə TodayPress-ə danışarkən bildirib. "Ermənistan tərəfi nəqliyyat yollarının birgə açılması üçün Azərbaycana təkliflər göndərib. Demək olar ki, Zəngəzur dəhlizi ilə bağlı ikitərəfli mövqelərdə yaxınlaşma var. Rusiyanın dəhlizə nəzarəti isə, danışıqlar predmetindən tam çıxarılıb. Yəni, Rusiya prosesdə yoxdur" deyə o qeyd edib.
Analitik hesab edir ki, Azərbaycan və Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı ikitərəfli danışıqlar müstəvisində razılığa gəlməsi mümkündür: "Çünki, Paşinyan İran ərazisindən Naxçıvanı birləşdirən yolun açılmasından narahatdır. Bu, Ermənistanı növbəti mərhələdə iqtisadi blokadada saxlaya bilər. Ona görə də Paşinyan maneəsiz gediş-gəlişə etiraz etmədiyini bəyan etdi. Bu yolun təhlükəsizliyinin təmin edilməsinə gəldikdə isə, Azərbaycan özü bu yola nəzarət etməyi təklif edib. Ermənistan isə buna razı deyil. İkitərəfli birgə patrul sistemi də qarşılıqlı etimad olmadığı üçün də bu, mümkün görünmür".
Politoloqun fikrincə, Zəngəzur dəhlizinə nəzarəti müvəqqəti olaraq təhlükəsizlik sahəsində ixtisaslaşmış beynəlxalq bir quruma həvalə etmək olar: "Əgər bu halda Zəngəzur dəhlizi təhlükəsizlik normativlərinə uyğun olacaqsa, sərnişin daşımaları mümkün olacaq. Amma Azərbaycan bir müddət yükləri Zəngəzur dəhlizi ilə, sərnişinləri isə İran ərazisindən daşımalıdır".
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında İrəvanın Bakıya dəmir yolu ilə qarşılıqlı yükdaşımalara başlamağı təklif etdiyini bildirib.Onun sözlərinə görə, İrəvan həmçinin Bakıya Naxçıvan ərazisindən keçməklə Mehriyə dəmir yolu ilə yük daşımalarına başlamağı da təklif edir: "Gələcəkdə, müvafiq atmosfer yaranarsa, sərnişin daşımaları barədə də düşünməyə başlayacağıq. Biz Azərbaycanın müsbət reaksiyasını gözləyirik" Ermənistanın Baş naziri qeyd edib.
Günəş Mərd
tag: Zəngəzur,Ermənistan,Azərbaycan,Dəhliz,Politoloq şərhi,Şərh,todaypress.az