Paşinyanın boş vədləri Ermənistanı dalanda “şpaqat” vəziyyətinə saldı

Video

15.07.2024 14:10

Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev Ermənistanın təşkilatdakı fəaliyyəti ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib. O, İrəvanın təşkilata 53,22 milyon rubl (təqribən 1 milyon manatdan çox) borcunun olduğunu deyib. Daha sonra isə Qərb qüvvələrinin Ermənistanı müttəfiqlərindən uzaqlaşdırmağa çalışdığını qeyd edib. 

Məsələ ilə bağlı TodayPress-ə açıqlama verən, hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistan bu il KTMT-dəki fəaliyyətinin dayandırılması və ödənişlərin edilməyəcəyi ilə bağlı daxildə qərar qəbul etsə də, rəsmi olaraq heç bir müraciət etməyib: 

“Bu da onunla əlaqədardır ki, Ermənistan bu məsələdə yekun qərarı verməkdən çəkinir. Həm ərazisində Rusiyanın hərbi bazasının, həm də iqtisadi cəhətdən Şimal qonşumuzdan asılı olması, Ermənistanın belə bir qərara imza atmasının qarşısını alır. Çünki bu, rəsmi Moskvanın müəyyən təzyiq mexanizmlərinə əl atmasıyla nəticələnə bilər. Artıq biz bunun ilkin siqnallarını müşahidə edirik. Rusiyanın yüksək səviyyəli rəsmiləri açıq dillə İrəvanı təhdid də edirlər”. 

Ədalət Verdiyevin fikrincə, Ermənistanın KTMT-nin büdcəsinə ödəməli olduğu məbləği köçürməməsi hər hansı ciddi konfliktə yol açmayacaq. Amma bu, daim Ermənistan hakimiyyətinin Rusiya iqtidarı tərəfindən təzyiq və təsir altında saxlanması üçün səbəb ola bilər:  

“Ermənistanın KTMT-də fəaliyyətini dondurması tamamilə absurd məsələdir. Çünki KTMT-nin nizamnaməsində fəaliyyətin dondurulması ilə bağlı heç bir prosedur nəzərdə tutulmayıb. Sadəcə çıxmaqla bağlı qərar verilə bilər ki, Ermənistan da bu məsələdə olduqca sancı çəkir. Çünki Fransanın mövqeyinin zəiflədiyi və İranda hakimiyyətin dəyişdiyi bir vaxtda Ermənistan Rusiya ilə münasibətləri pisləşdirməkdə maraqlı deyil. Lakin bütün bunlara baxmayaraq, Qərb qarşısında verdiyi bütün vədlər Ermənistanın indi dalanda “şpaqat” vəziyyətində qalmasına gətirib çıxarıb”.

Ədalət Verdiyevin sözlərinə görə, Rusiya bu gün Ermənistanda hakimiyyətdə olan Paşinyan administrasiyasından narazıdır. Buna görə də gərginlik mövcuddur. Yəni Kreml Paşinyansız Ermənistan arzusundadır.    

Qeyd edək ki, bir qədər əvvəl Ermənistanın Xarici İşlər Nazirliyinin rəsmisi Ani Badalyan ölkəsinin 2024-cü il üçün KTMT-yə vəsait köçürməkdən imtina etdiyi barədə bəyanat verib. Bunun ardınca Rusiyanın Xarici İşlər Nazirliyi əvvəllər də Ermənistanın təşkilata borclarının yarandığını açıqlayıb. 

Töhfə Səməd

tag: Azərbaycan, Ermənistan, Şpaqat Vəziyyət, KTMT, todaypress.az