Paşinyan yenə təlaşa düşdü: Qələbə Paradında iştirak etməsə....
Video
12.05.2025 18:48
“Ermənistandakı hazırkı siyasi rejim Qərb tərəfindən formalaşdırıldığı üçün Baş nazir Nikol Paşinyanın Moskvada keçiriləcək 9 May – Qələbə Paradında iştirakla bağlı qərar verməkdə çətinlik çəkdiyini düşünmək olar”.
Politoloq Elşad Mirbəşiroğlu bunu TodayPress-ə açıqlamasında bildirib.
O, Avropa siyasi dairələrinin Rusiyada keçiriləcək 9 may - Qələbə Paradında iştirakla bağlı mövqelərini xatırladıb: “Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirmişdi ki, paradda iştirak fəsadsız ötüşməyəcək. Bu, tədbirdə iştirak edənlərə açıq hədə idi. Aİ təsiri altında olan ölkə rəhbərlərinə qarşı hansı tədbirlərə əl atacağını zaman göstərəcək. Digər tərəfdən, Ukrayna prezidenti Volodimir Zelenskinin də paradda iştirak edən dövlət başçılarının təhlükəsizliyinə təminat olmadığını bildirməsi Qərb dairələrinin təlimatıdır. Məqsəd odur ki, Moskvada keçiriləcək Qələbə Paradında yüksək səviyyəli iştirakçıların siyahısı məhdud olsun. Paşinyan Qərbdən gələn təlimatlardan kənara çıxa bilmir. Digər tərəfdən, Qərb dairələri Ermənistanın Rusiyadan olan asılılığını çox yaxşı bilir. Avrasiya İqtisadi İttifaqı (Aİİ) Ermənistana ciddi iqtisadi dividendlər gətirir. Hələlik Avropa İttifaqı onu əvəz edəcək təkliflərə sahib deyil. Ona görə də, ola bilsin ki, bu məsələdə Paşinyana güzəştə gedilsin və o, paradda iştirak etsin” Ekspert düşünür ki, Ermənistanın hazırkı vəziyyətində paradda iştirak etməsi üçün daha çox əsas var, çünki hələ də Rusiyadan ciddi asılıdır. E. Mirbəşiroğlu həmçinin əlavə edib ki, Paşinyanın siyasi çevrəsində də bu səfərə qarşı olanlar var: “Paşinyan aparatının böyük əksəriyyəti Rusiya tərəfindən arzuolunmaz şəxslər siyahısındadır. Sözsüz ki, onlar da Paşinyana təzyiq edə bilərlər. Ermənistan parlamentinin spikeri Alen Simonyan isə iştirakı müsbət hesab edir. Onun belə mövqedən çıxış etməsi Paşinyanın iştirakı haqqında fikirləri gücləndirir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da Paşinyanın dəvət olunduğunu bildirib. Bütün MDB ölkələri rəsmi dəvət alıb. Ermənistan isə hələ qəti qərar verməyib. Ermənistanın hazırkı vəziyyətini və Rusiya ilə münasibətləri nəzərə alaraq düşünürəm ki, Paşinyan paradda iştirak edəcək. İştirak etməzsə, münasibətlər daha da gərginləşə bilər. Müşahidə edirik ki, Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyan cütlüyü aralarındakı əvvəlki ziddiyətləri kənara qoyub Paşinyana qarşı koalisiya yaratmaqdadırlar. Köçəryanın da Rusiyanın ali siyasi dairələri ilə sıx əlaqələri var. Ermənistan daxilində hər şeydən öncə Paşinyana qarşı ciddi təşkilatlanmış çıxışlar ola bilər. Paşinyanın vəziyyəti onsuz da ürəkaçan deyil. Bu səbəbdən Moskvaya gedə bilər”. Qeyd edək ki, mayın 9-da Rusiyanın paytaxtı Moskvada Qələbə paradı keçiriləcək. Ermənistanın Baş naziri Nikol Paşinyan MDB-nin digər liderləri ilə yanaşı, təntənəli tədbirlərə dəvət olunub.
Qiymət Mahir
tag: Elşad Mirbəşiroğlu,Politoloq,Ermənistan,Paşinyan,Todaypress.az