Parisin “erməni sevdası”: Açıq məktubun, qapalı tərəfi – POLİTOLOQ ŞƏRHİ
Video
20.06.2024 11:42
Fransanın bir sıra siyasətçiləri və ictimai xadimləri prezident Emmanuel Makronu Ermənistana sülhməramlı kontingent göndərməyə çağıran açıq məktub imzalayıblar. Bəyanatda deyilir ki, “hərbi kontingentin göndərilməsi çətin dövrdə dost Ermənistanın təhlükəsizliyini artıracaq”.
Fransanın bu addımları təkcə Azərbaycana qarşı deyil, həm də Ermənistanda tədricən nəzarəti itirən, bu ölkədə hərbi bazası olan Rusiyaya, Ermənistanla həmsərhəd olan İrana ismarışdır.
Mövzu ilə bağlı TodayPress-ə açıqlama verən politoloq Nadir Şəfiyev bildirib ki, Ermənistan illərdir Fransa tərəfindən himayə olunur. Qeyd edib ki, Rəsmi Paris torpaqlarımız işğaldan azad olunandan sonra Ermənistanın güclənməsi, hətta revanş alması və Qarabağa qayıtması üçün əlindən gələni edir. Nadir Şəfiyevin sözlərinə görə, artıq bir neçə ildir Fransa ilə Ermənistanın hərbi əməkdaşlığı davam edir:
“Fransa bütün bunları yalnız ermənilərin “ala gözlərinə aşiq olduğu üçün” etmir. Eyni zamanda bu, Fransanın öz maraqlarından irəli gəlir. Fransa Qafqaza çoxdan göz qoymuş dövlətlərdəndir. Xatırlayırsınızsa, Gürcüstanda böhran olanda onlar Gürcüstana da müdaxilə etməyə çalışırdılar. Amma Rusiya xofu onlara imkan vermədi. İndi Rusiyanın Ukraynada başının qarışması, Qərbin onun yaxınlığında güclü bir forpost yaratması ideyasını gücləndirib. Bu istiqamətdə də Qafqazda forpost rolunu oynamaq Ermənistana nəsib olur. Ermənistan da daim kiminsə himayəsində olmağa öyrəşdiyi üçün özü də bunu istəyir. Ona görə də bu gün Rusiyanın nisbətən zəiflədiyini, Ukraynada başının qarışmasını, Qərbə qarşı təkbaşına döyüşməsini görən ermənilər vaxtilə Osmanlı imperiyasını Bizansa satdıqları kimi, indi də Rusiyanı satıb və Qərbə meyillənirlər”.
Politoloqun sözlərinə görə, Fransa Ermənistanı silahlandırmaqla Qafqazda münaqişə ocağı yaratmağa çalışır. Məqsəd bu münaqişədən istifadə edərək Qərbin Qafqaza hərbi müdaxilə etməsinə şərait yaratmaqdır.
“Bunun alınıb-alımaycağı bəlli deyil. Amma ermənilər və onların havadarları bu məsələdə birbaşa Azərbaycanla üz-üzə gələcəklərini yaddan çıxarırlar. Azərbaycanla üz-üzə gəlmək isə birbaşa qardaş Türkiyə ilə üz-üzə gəlməkdir. Burada nə Azərbaycan, nə də Türkiyə silahlı qüvvələri Qərbə istədiyinə nail olmağa imkan verəcək.
Eyni zamanda Rusiya da öz sərhədlərinə yaxın bölgədə daha bir münaqişə ocağının, qeyri-sabitliyin yaranmasını istəməz. Həmin qeyri-sabitlik bütün Qafqazdan keçən nəqliyyat vasitələrinin, dəhlizlərin qarşısını alacaq. Bu da bütövlükdə dünya iqtisadiyyatına mənfi təsir edəcək. Bu baxımdan bütün cəhdlərinə baxmayaraq, fransızlar çətin ki, istədiklərinə nail olsunlar”.
Politoloq Nadir Şəfiyevin fikrincə, Ermənistan hökuməti fransızların fitvasına uyaraq revanşist hərəkətlərini gücləndirsə və hərbi münaqişəyə doğru getsə, bu onlara baha başa gələcək. Tarix belə hadisələrin ziyanlı olduğunu dəfələrlə təsdiqləyib.
Günəş Mərd
tag: Nadir Şəfiyev, Paris, Erməni Sevdası, Politoloq Şərhi,Ermənistan, todaypress.az