Paris Olimpiadasında Turan fırtınası

Video

13.08.2024 10:27

XXXIII Yay Olimpiya Oyunları Turan dövlətlərinin parlaq çıxışı ilə əlamətdar olub. Paris Olimpiadasında 91 ölkənin idmançıları fəxri kürsüdə yer alıb. Bu ölkələr sırasına Azərbaycanla yanaşı, Özbəkistan, Qazaxıstan, Türkiyə və Qırğızıstan da adını yazdırıb.

TodayPress xəbər verir ki, bu sıralamada Özbəkistan 8 qızıl, 2 gümüş və 3 bürünc medalla hamıdan öndədir. 

Özbəkistan olimpiyaçıları 13 medalla sıralamada 13-cü yeri tutub. 

Asiya təmsilçisi 8 qızıl medaldan 5-ni boks idman növündə qazanıb. Bundan başqa özbəkistanlı idmançılar güləşdə 1 qızıl, 1 bürünc, cüdoda 1 qızıl, 2 bürünc, taekvondoda 1 qızıl, 1 gümüş, ağırlıqqaldırmada isə 1 gümüş medal əldə ediblər. 

Turan dövlətləri arasında Özbəkistandan sonra ikinci yaxşı göstərici 2 qızıl, 2 gümüş, 3 bürünc medalla 30-cu olan Azərbaycana məxsusdur. 

Qazaxıstan 1 qızıl, 3 gümüş, 3 bürünc medalla 43-cü yeri tutur. 

“Qızıl”a həsrət qalan Türkiyə 3 gümüş, 5 bürünc medalla 64-cüdür.

Aktivində 2 gümüş və 4 bürünc medalı olan Qırğızıstan isə 68-ci pillədə qərar tutub.        

Olimpiadada 16 gündə 329 dəst medal öz sahibini tapıb.

Turan dövlətlərinin ümumilikdə Paris Olimpiadasından qazancı 41 medal olub. Bunlardan 11-i qızıl, 12-si gümüş, 18-i isə bürünc medaldır. 

Namiq HUN


tag: Turan, Paris,Azərbaycan, Türkiyə,Qırğızıstan, todaypress.az