Oğurluq, zorakılıq, qida çatışmazlığı, natəmizlik və.. - Tarixin ən bərbad Olimpiadası
Video
15.08.2024 10:20
Olimpiya oyunları tarix boyu xalqları, dövlətləri bir həlqə kimi birləşdirib, səmimi və neytral məkan rolunu oynayıb. Hər ölkə özünə yaraşan formada təşkilatçılıq edib və etməkdədir. İndiyə qədər heç vaxt açılış mərasimi, idmançılar üçün yaradılan şərait, qidalanma və s. əsas müzakirə mövzusu olmayıb. Ta ki, bu ilə qədər.
Bu il Olimpiya oyunları Fransanın paytaxtı Parisdə baş tutdu. Fransa özünə görə “fərqlilik” yaratmağa çalışıb, oyunları açıq havada keçirmək qərarı aldı. Lakin görünür hökumət nümayəndələri hava proqnozlarına baxmağı unutmuşdular. Çünki bütün iştirakçılar və izləyicilər ilk gündən leysan yağışları altında qaldılar. Yağışdan qorunmaq üçün nə dayanacaqlar, nə də əlavə çətirlər var idi.
Açılış mərasimində Leonardo da Vinçinin ən məşhur əsərlərindən biri olan "Son axşam yeməyi"nin vizual nümayişi də ciddi narazılıqla qarşılandı. İsa peyğəmbəri kilolu bir xanım, onun 12 səhabəsini isə LGBT üzvləri canlandırdılar. Qadın paltarı geyinmiş makyajlı kişinin səhnədə erotik hərəkətlərlə mahnı oxuması isə bardağı daşıran son damla oldu. Bir çox ölkənin rəsmi şəxsləri bunu dinə hörmətsizlik adlandırıb, göstərilən tamaşanı “Xristianlığın son axşam yeməyi” kimi qiymətləndirdilər.
Amma bu aysberqin görünən hissəsi idi. Heç bir idmançının ağlına gəlməzdi ki, onlar olimpiya şəhərciyində yaradılan şəraiti gördükdən sonra, yarışların tez bir zamanda başa çatmasını arzulayacaqlar. Təşkilatçılar son günədək adi karton yataqlarda yatmalı olan idmançıların acınacaqlı vəziyyətinə, fəryadına məhəl qoymadılar. Buna etiraz əlaməti olaraq bəzi idmançılar parklarda, skamyalarda, bəziləri isə öz hesablarına otellərdə gecələməli oldular.
Yarışların keçirildiyi yerə idmançıların piyada və ya taksi ilə getmələri, bəzilərinin tıxac səbəbindən məşqlərə vaxtında çatmaması, yol boyu təhdid və tənqidlərlə üz-üzə qalmaları, bundan başqa şəhərçiyin yeməkxanasında tez-tez zəhərlənmə hallarının baş verməsi, jurnalistləri daşıyan avtobusun qəzaya uğraması və s. hadisələr dünya gündəminin manşetlərini bəzəyən xəbərlər oldu.
Cinayətkarlığın artdığı və natəmizliyin höküm sürdüyü Parisdə həm idmançılar, həm də turistlər xoşagəlməz hallarla, hadisələrlə qarşılaşdılar. Təhlükəsizlik tədbirlərinin zəif təşkili nəticəsində kimisi qarət olunurdu, kimisi döyülürdü, kimisi isə cinsi zorakılığa məruz qalırdı.
Sena çayının insanları zəhərləməsi, üzgüçülərin bağırsaqlarında xəstəlik yaranması və məşqlərin təxirə salınması isə onu deməyə əsas verir ki, Fransa nə Olimpiya Oyunlarını keçirməyə, nədəki milyonlarla turisti qəbul etməyə hazır deyil idi. “Demokratiya və mədəniyyət” beşiyinin tək hədəfi qonaqların ciblərini “təmizləmək” idi.
Düzü Emmanuel Makronun keçirdiyi tədbirdən bundan artığını gözləmək necə deyərlər, sadəlövhlük olardı. Atalar yaxşı deyib: “ağsaq atın kor nalbəndi olar”.
Ümumiyyətlə idman elə bir sahədir ki, siyasətdən, düşmənçilikdən uzaq olmalı, sülh, əmin-amanlıq ehtiva etməlidir. Lakin Yelisey sarayı üçün bu anlayışlar olduqca yaddır. Olimpiya kimi humanist, barışcıl hərəkat sayəsində biz bir daha Fransa hakimiyyətinin siyasi, hikkəli eybəcərliyinin şahidi olduq.
İdmançıların paradı zamanı canlı yayımda fransız aparıcının ölkəmizə qarşı təxribatçı ifadələr səsləndirməsi yuxarıda qeyd etdiyimiz fikri bir daha təsdiqləyir: “Hər ölkə özünə yaraşan formada təşkilatçılıq edib və etməkdədir”.
Ölkəmiz isə bu təxribata qarşı cavabını hər zamanki kimi “döyüş” meydanında verdi. İdmançılarımız məharətlə yarışaraq bir sıra medallar əldə edib, 3 rəngli bayrağımızı zirvələrdə dalğalandırıb, himnimizi bütün Fransaya duyurdu. Bu isə ən gözəl cavab idi.
Töhfə Səməd
tag: Paris,Rəzalət,Oğurluq, Qida Çatışmazlığı, todaypress.az