Odlu silahlar mülki əhalinin əlinə necə keçib? – Ekspertdən ŞOK açıqlama
Video
01.07.2024 13:58
“Ötən illə müqayisədə bu il cinayət hadisələrinin sayı artıb”. Bu barədə kriminalist Şəmsəddin Əliyev TodayPress-ə açıqlamasında deyib.
O, təkcə bu həftə ərzində ölkədə ard-arda baş verən cinayət hadisələrini xatırladaraq, bu istiqamətdə maarifləndirmə işlərinin yetərsizliyindən gileyləndi. Kriminalist son vaxtlar, xüsusilə, odlu silahla törədilən qətl hadisələrinin artmasını bu cür izah etdi:
“Bilirik ki, hazırda Bakıda Avropa ölkələrində olduğu kimi odlu silahların sərbəst alqısı-satqısı yoxdur. Mərkəzi İcra Hakimiyyəti bu mövzuda kifayət qədər həssasdır. Ancaq Azərbaycan İkinci Qarabağ savaşında qələbə qazandıqdan sonra hərbi hissələrdən tərxis olunan şəxslərin müəyyən qismində silahlar qaldı. Bu gün ola bilsin ki, həmin silahlarla cinayətlər törədilir. Düzdür, bunu istintaq müəyyənləşdirir, amma mənim ehtimalım belədir”.
Onun fikrincə, belə cinayətlərin qarşısını almaq üçün ölüm hökmü bərpa olunmalıdır:
“Biri övladını itirir, digərinin övladı həbs olunur. 10-15 il sonra isə cəmiyyətə qayıdıb, insanlara böyük dərd olur. Ona görə cəmiyyətin sağlamlığı, rahat yaşaması üçün bir hüquqi preparat lazımdır. Bu preparatın adı “ölüm hökmü”dür. Artıq bunu tətbiq etmək lazımdır”.
Daxili İşlər Nazirliyindən (DİN) TodayPress-in sorğusuna cavab olaraq bildirildi ki, son 1 ay ərzində polis əməkdaşlarının respublika ərazisində həyata keçirdikləri əməliyyat və profilaktik tədbirlər nəticəsində 346 odlu silah müsadirə edilib.
DİN-in Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimovun sözlərinə görə, qanunsuz saxlanılan odlu silah-sursatların aşkarlanması və vətandaşlar tərəfindən könüllü təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq aparılır.
DİN saytımız vasitəsilə bir daha vətəndaşları qanunsuz saxlanılan odlu silahları könüllü təhvil verməyə çağırdı.
Günəş Mərd
tag: DİN, Silah, Qanunsuz silah, Kriminal, Təhlil,todaypress.az