“Nürnberq”in azərbaycanlı ulduzu - Mahir Emreli
Video
01.11.2024 10:31
Günün qəhrəmanı Almaniyanın futbol üzrə II Bundesliqasında çıxış edən “Nürnberq” klubunun və Azərbaycan millisinin forvardı Mahir Emrelidir.
Azərbaycan futbolunun peşəkarı qısa müddət ərzində nürnberqli futbol azarkeşlərinin sevimlisinə çevrilib. Mahir Emreli baxımlı oyunu ilə ad və soyadını nürnberqlilərə sevdirə bilib. Necə ki, Almaniyada futbolçu yalnız göz oxşayan performansı ilə bu oyunun fanatlarının sevimlisi ola bilər.
Emreli legioner həyatı seçməsi ilə bağlı qərarına aydınlıq gətirib: “Azərbaycandan Almaniya, Xorvatiya və ya Polşaya gedən çox futbolçu yoxdur. Azərbaycanlı gənclərə nümunə olmaq üçün bu addımı atdım. Mənim addımım onlara cəsarət verməli və onlar da özlərini sınamağa çalışmalıdırlar”.
TodayPress xəbər verir ki, 27 yaşlı futbolçu ötən gün Almaniya kubokundakı debüt oyununda qol hesabını açıb.
O, “Nürnberq”in “Hoffenhaym”la səfərdəki matçında fərqlənib.
Emreli, ikinci mərhələnin görüşünün 47-ci dəqiqəsində qol sevinci yaşayıb. Mahir “PreZero Arena”da hesabı bərabərləşdirsə də, komandası məğlubiyyətdən qaça bilməyib 1:2. Bununla da Emreli və komandası Almaniya kubokunda mübarizəni dayandırıb.
Qeyd edək ki, Mahir karyerası ərzində 4-cü ölkənin kubokunda qol vurub. O, bunadək Azərbaycan, Polşa və Xorvatiyada keçirilən kubok matçlarında da fərqlənib.
Yeri gəlmişkən, Mahir Emrelinin II Bundesliqada debüt oyunu öncəsi “Bild” nəşri “Hamı Emreliyə ümid bəsləyir” başlığı ilə yazı paylaşmışdı. Yazıda komandanın baş məşqçisi Miroslav Kloze Mahirlə bağlı fikirlərini paylaşmışdı:
“Mahir düz yoldadır. Amma o, hələ 90 dəqiqə oynamağa hazır deyil. İnanıram ki, Emreli zamanı gələndə vəziyyəti dəyişəcək. Mahir bunu, hətta məşqlərdə də göstərdi”.
Bəli, Miroslav Klozenin dediyi zamanı artıq gəldi.
Mahir Emreli yeni komandasında vurduğu qol sayını artıq 3-ə çatdırıb. Forvard ardıcıl 3 oyundur ki, rəqib torlarını silkələyir.
O, daha əvvəl II Bundesliqanın IX turunda "Qroyter"ə, X turunda isə "Reqensburq"a qarşı oyunlarda da fərqlənib.
Dözümlülük də qaydasındadır. Almaniya kuboku çərçivəsində “Hoffenhaym”a qarşı oyuna start onbirlikdə başlayan Mahir 82-ci dəqiqədə əvəzlənib.
Vaxt gələcək, Mahir Emrelini Almaniyada “Nürnberq”in azərbaycanlı ulduzu deyə səsləyəcəklər. Niyə də yox! Bu mütləq olacaq.
Namiq HUN
tag: Mahir Emreli, Azərbaycan, Almaniya, Nürnberq, todaypress.az