Nəticələri ləğv olunanlar təkrar seçkiyə qatılacaqlar? – SORĞU
Video
25.06.2024 12:40
Altıncı çağırış Azərbaycan Milli Məclisi bu həftə öz işini başa çatdıracaq. 2024-cü ilin noyabr ayında və ya 2025-ci ilin fevral ayında Azərbaycanda növbəti parlament seçkilərinin keçirilməsi gözlənilir.
Xatırlayırsınızsa, 2020-ci idə keçirilən növbədənkənar parlament seçkilərində Mərkəzi Seçki Komissiyası 4 dairə üzrə nəticələri ləğv etmişdi.
Həmin dairələrdən biri sabiq Millət vəkili Hüseynbala Mirələmovun namizəd olduğu 33 saylı Xətai birinci seçki dairəsi, digəri hüquqşünas Çingiz Qənizadənin namizəd olduğu İmişli-Beyləqan 80 saylı seçki dairəsi, üçüncüsü “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun namizəd olduğu 35 saylı Xətai üçüncü seçki dairəsi və sonuncu Hadı Rəcəblinin namizəd olduğu 74 saylı Lənkəran kənd seçki dairəsi idi.
Bəs nəticələri ləğv olunan sabiq namizədlər builki parlament seçkilərində yenidən öz namizədliyini irəli sürəcəklərmi?
TodayPress mövzu ilə bağlı onlara sorğu ünvanlayıb.
Sabiq Millət vəkili Hüseynbala Mirələmov TodayPress-ə açıqlamsında builki parlament seçkilərində namizədliyini irəli sürməyəcəyini bildirdi:
“Parlament seçkilərindən xəbərdaram. Ancaq namizədliyimi irəli sürməyəcəyəm. Bədii ədəbiyyatla məşğulam. Bədii ədəbiyyat özü də siyasətin bir qoludur. Sadəcə olaraq indi aktiv siyasi həyatda iştirak etmək istəmirəm. Tam şəkildə yaradıcılıqla məşğul olacam”.
Hüquqşünas Çingiz Qənizadə isə Hüseynbala Mirələmovdan fərqli olaraq seçkilərdə iştirak etmək arzusunda olduğunu dedi:
“Mən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Əgər partiya məni məsləhət bilsə, namizədliyimi irəli sürsə, onda böyük məmnuniyyətlə seçkilərdə iştirak edəcəyəm. Hər şey partiyanın qərarından asılı olacaq”.
“Yeni Müsavat”ın başqanı Rauf Arifoğlu isə sorğumuzu cavabsız qoydu.
Qeyd edək ki, nəticələri ləğv olunan namizədlərdən biri olan (74 saylı Lənkəran kənd seçki dairəsindən) Hadı Rəcəbli aprelin 17-də vəfat edib.
Günəş Mərd
tag: Çingiz Qənizadə, Hüseynbala Mirələmov,Rauf Arifoğlu,Hadı Rəcəbli, todaypress.az