Netanyahunun həbsini ABŞ sifariş edib? - SENSASİON AÇIQLAMA
Video
28.11.2024 09:53
“Beynəlxalq hüquqda kifayət qədər boşluqlar var. Ona görə də Beynəlxalq Cinayət Məhkəməsi (ICC) və Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının icrası zamanı problemlər yaranır”.
Bunu ICC tərəfindən İsrailin Baş naziri Benyamin Netanyahunun həbsinə order verilməsini TodayPress-ə şərh edərkən politoloq Əli Zülfiqaroğlu deyib.
Onun sözlərinə görə, ICC-nin sənədinə imza atan ölkələrin sayı 124-dür. İmzalamayanlar arasında isə İsrail, Türkiyə, ABŞ və Rusiya kimi ölkələr var. Lakin ICC-nin Baş nazirin həbsinə order verməsi İsrail üçün kifayət qədər ciddi diplomatik zərbədir. İsrail bundan sonra rahat hərəkət edə bilməyəcək:
“Çünki Netanyahu Niderland, Böyük Britaniya kimi müttəfiq ölkələrə getsə, həbs olunacaq. Əlbəttə, bu məsələdə bir sıra siyasi çalarlar var. Belə ki, qərarın özü kifayət qədər gec qəbul olunub. Netanyahu müharibəni davam etdirməklə Birləşmiş Ştatlardakı seçkiyə təsir etdi və Demokratların hakimiyyətdən getməsində rol oynadı. Ona görə də hazırkı ABŞ hökumətinin də bu məsələdə iştirakı istisna deyil”.
Analitikin qənaətincə, artıq post-Netanyahu dönəminə hazırlıq prosesi gedir. Orderin verilməsində əsas məqsəd İsrail hökumətinin devrilməsi və daha ciddi problemlərlə üzləşməsidir. İsrailin ən yaxın müttəfiqi olan Böyük Britaniya Netanyahunun ölkəsinə səfər edəcəyi təqdirdə həbs olunacağına söz verib. Bu da onu deməyə əsas verir ki, artıq müttəfiqlər də Netanyahudan üz döndərib. Lakin Tramp prezidentlik səlahiyyətlərinin icrasına başlayana qədər Netanyahu dözümlülük nümayiş etdirsə, nazirlik postundan getməyəcək.
Xatırladaq ki, ötən il ICC Rusiya Prezidenti Vladimir Putinin həbsinə order vermişdi. Ukraynadakı müharibə kontekstində V.Putin 2022-ci il fevralın 24-dən etibarən adı çəkilən ölkənin işğal edilmiş ərazilərindən əhalinin (uşaqların) qanunsuz deportasiyası və qanunsuz olaraq Rusiyaya köçürülməsi kimi hərbi cinayətə görə məsuliyyət daşıyır.
Töhfə Səməd