Netanyahunun Bakı səfərində nələr müzakirə olunacaq? – ŞƏRH
Video
02.05.2025 17:22
“İsrail Baş nazirinin Azərbaycana səfərində rəsmi Bakının Türkiyə və İsrail arasında vasitəçilik missiyasını öz üzərinə götürməsi çox ciddi şəkildə müzakirə oluna bilər”.
Politoloq Elçin Xalidbəyli bunu İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana gözlənilən səfərini TodayPress-ə şərh edərkən deyib.
Ekspert qeyd edb ki, Netanyahunun Azərbaycana səfəri strateji tərəfdaşlıq münasibətləri baxımından hər iki ölkə üçün böyük əhəmiyyət daşıyır:
“Həm Azərbaycanın, həm də İsrailin müxtəlif regionlarda maraqları üst-üstə düşür və qlobal məkanda müəyyən anlaşma üzərindən hərəkət edilir. Hazırda İsrail üçün əsas problemlərdən biri Türkiyə ilə qarşıdurmanın maksimum həddə qədər gərginləşməsi ilə bağlıdır. Azərbaycan isə Türkiyə ilə strateji müttəfiqlik münasibətlərinə malikdir. Eyni zamanda ölkəmizin İsrail ilə də dostluq, strateji tərəfdaşlıq münasibətləri var. Bu baxımdan Azərbaycan həm Türkiyə, həm də İsraillə əlaqələrini ön plana çəkərək bu iki dövlət arasında münasibətlərin normallaşdırılmasına cəhd göstərmək imkanlarına da malikdir”.
Analitikə görə, rəsmi Bakı Türkiyə və İsrail arasında vasitəçilik missiyasını öz üzərinə götürmək potensialına malikdir:
“Bu baxımdan hesab etmək olar ki, İsrail Baş nazirinin Bakıya səfərində bu mövzu da çox ciddi şəkildə müzakirə oluna bilər. Xatırlatmaq lazımdır ki, Türkiyə və İsrail arasında birinci dəfə kəskin qarşıdurma yaranarkən vəziyyətin normallaşdırılmasında Azərbaycanın vasitəçiliyi həlledici xarakter daşımışdı. İndi də oxşar proses başlayıb. Rəsmi Bakı Türkiyə və İsrail arasında vasitəçilik missiyasını üzərinə götürüb. Artıq bu missiya çərçivəsində Bakıda Türkiyə və İsrail təmsilçilərinin görüşü də keçirilib. Bundan sonrakı hadisələrin inkişafı bu məsələlərin ətrafında intensiv siyasi-diplomatik fəaliyyətin istiqamətləri ilə müəyyənləşmiş olacaq”.
E.Xalidbəyli əlavə edib ki, Azərbaycan və İsrail arasında ikitərəfli münasibətlər çərçivəsində də həll edilməli məsələlər mövcuddur:
“Hər iki ölkə qarşılıqlı münasibətləri ən yüksək həddə çatdırmaqda maraqlıdır. Bir çox sahələr, eyni zamanda təhlükəsizlik, enerji, iqtisadi-ticari sahələrdə Azərbaycan və İsrail arasında tərəfdaşlığın inkişaf etdirilməsinə müəyyən cəhdlər və olduqca prinsipial niyyətlər mövcuddur. İki ölkənin inkişaf perspektivləri və onların müəyyənləşdirilməsi baxımından olduqca əhəmiyyətli səfər gözlənilir”.
Qeyd edək ki, mayın 7-də İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıya 5 günlük səfəri gözlənilir.
Qiymət Mahir
tag: Elçin Xalidbəyli,Politoloq,Netanyahu,Bakı,Todaypress.az