NATO-nun çətiri İrəvanı Kremlin qəzəbindən qoruya biləcək?

Video

13.07.2024 10:58

Ermənistanda “Ermənistan KTMT-də qalmağa davam etməlidir, yoxsa NATO-ya daxil olmağa çalışmalıdır?” sorğusunun nəticəsi açıqlanıb. Sorğuda iştirak edən respondentlərin 16,9 faizi Ermənistanın KTMT-də fəaliyyət göstərməsini, 29 faiz isə NATO-ya daxil olmasını məqbul hesab edib. 

Mövzu ilə əlaqədar TodayPress-ə açıqlama verən politoloq Zeynal Əmrəliyevin fikrincə, rəsmi İrəvan NATO-ya üzv olmağa çalışsa da, bu indiki halda mümkün görünmür: 

“Məlum olduğu kimi Ukrayna və Gürcüstan da uzun müddətdir ki, NATO-ya üzv olmağa çalışır. Ancaq Rusiya ilə yaşadıqları problemə görə, hələ də buna nail ola bilməyiblər. Görünən odur ki, NATO rəhbərliyi Rusiya ilə problem yaşamaq istəmir və buna görə də onunla problemi olan ölkələri özünə cəlb etmir. Hazırkı vəziyyətdə Ermənistan hakimiyyəti Rusiya ilə gərgin münasibətlər yaşayır. Ölkənin KTMT-dən çıxarılıb, NATO-ya üzvlüyü müzakirə olunarsa, o zaman Rusiya ilə münasibətlər daha da gərginləşəcək. Belə olan halda NATO-nun öz qapılarını Ermənistanın üzünə açacağına inanmıram”. 

Politoloq bildirib ki, Ermənistan əhalisinin KTMT-yə inamsızlığı və Qərb təşkilatlarına qucaq açmaq istəməsi, hökumətin ölkədaxili apardığı yanlış siyasətin nəticəsidir:

“Ermənistan hakimiyyəti öz bacarıqsızlığını, müharibə dövründə ordusunun fərariliyini Rusiyanın ayağına bağlamağa çalışdı. Əhaliyə də elə təqdim etdi ki, İkinci Qarabağ savaşında uduzmasının əsas səbəbkarı guya Rusiyadır. Bu da öz növbəsində erməni əhalisində Rusiyaya qarşı antipatiya yaratdı. Nəticədə ölkə vətəndaşlarının böyük hissəsi indi Qərbə inteqrasiyanın tərəfdarıdır. Onlar ölkənin Rusiyaya bağlı təşkilatların tabeliyindən çıxaraq, Qərbin nəzarətində olan qurumlara daxil olmasını istəyirlər. Amma indiki halda inanmıram ki, Ermənistan KTMT-dən çıxsa belə NATO-ya üzv qəbul edilsin”.   

Qeyd edək ki, Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Rusiyanın Ermənistanın Vaşinqtonda keçirilən NATO sammitində iştirakından son dərəcə təəssüfləndiyini bildirib.

 Günəş Mərd


tag: Rusiya, NATO , Ermənistan, Mixail, todaypress.az