Mübahisəli qanun qəbul edildi: Gürcüstanda vəziyyət yenidən qarışacaq? – ŞƏRH
Video
03.04.2025 10:18
“Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunun Amerika variantını qəbul edib. Əvvəlki qanun ilə bunun arasında elə də ciddi fərqlər yoxdur. Amerika isə bunu çoxdan qəbul edib”.
Politoloq Elşad Həsənov bunu TodayPress-ə şərhində bildirib.
Analitikin sözlərinə görə, Gürcüstan Avropa İttifaqından (Aİ) əl çəkərək rusiyayönümlü siyasət yürütməyə başladıqdan sonra Amerika Gürcüstan hakimiyyətinə təzyiqini artırıb:
“Onlar Gürcüstana ayrılan maliyyə yardımlarını müxalifətə yönəldərək açıq-aşkar bildirdilər ki, hakimiyyəti inqilab yolu ilə devirməyə çalışırlar. Ancaq buna nail olmadılar”.
Ekspert əlavə edib ki, hazırda Gürcüstanda vəziyyət gərgindir və aksiyalar davam edir, müxalifət hakimiyyətlə razılaşmır. Hakimiyyət isə öz iradəsini göstərərək yeni qanunlar qəbul edir və müxalifətin aksiyalarına da ciddi reaksiya vermir. Eyni zamanda aksiyalar əvvəlki həddə deyil, martın 31-də keçirilən aksiyada təxminən 10 minə yaxın adam toplaşıb və gün keçdikcə bu say daha da azalır.
“Hesab etmirəm ki, Gürcüstanda aksiyalar daha da güclənsin. Çünki dünyada məsələlər qarışıq vəziyyətdədir: Aİ öz təhlükəsizliyini təmin etmək üçün yollar axtarır. Amerikada hakimiyyət dəyişikliyi nəticəsində Donald Tramp yenidən prezident seçildi və o, dünyada bəzi qlobal məsələləri həll etmək istəyir. Belə bir zamanda isə hansısa ölkədə demokratik dəyərlərin pozulması kimi iddialar gözlənilməzdir” deyə o fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunun Amerika variantını qəbul edib. Qanunun qəbul edilməsinə 86 deputat səs verib. Qanun Gürcüstan prezidenti tərəfindən imzalandıqdan və ölkənin Qanunvericilik orqanının saytında dərc edildikdən sonra qüvvəyə minəcək.
Aysel Mətləb
tag: Gürcüstan ,Xarici təsirin şəffaflığı,Amerika variantı,Avropa İttifaqı,todaypress.az