Moldova seçimini etdi: Kişinyovu yeni problemlər gözləyir

Video

07.11.2024 09:38

“Moldova son 4 ildə avrointeqrasiya yolunu izləyən siyasət həyata keçirir. Bu, heç də asan proses deyil”. 

Politoloq Oqtay Qasımov bunu TodayPress-ə danışarkən bildirib.  

Onun sözlərinə görə, Avropaya doğru addımlar atmasına baxmayaraq, hazırda Moldovada Rusiyanın kifayət qədər ciddi təsir imkanları var: 

“Rusiyanın keçmiş 14-cü Ordusunun “sülhməramlı” qalıqları Dnestryanı ərazilərdə qalıb. Onlar öz müddətlərinin başa çatmasına baxmayaraq, əraziləri tərk etmək istəmirlər. Dnestryanı, eyni zamanda, Qaqauz Respublikası da Moldovanın tərkibində Muxtariyyətə malikdir. Bu qurumlar Rusiya ilə daha sıx əlaqədədir. Referendumda Qaqauz əhalisi və Dnestryanının əksəriyyətinin avrointeqrasiyanın əleyhinə səs verməsi də Moldova üçün yeni problemlər yaradacaq”. 

Analitik hesab edir ki, konstitusiyaya avrointeqrasiya ilə  bağlı dəyişikliyin edilməsi və Avropaya inteqrasiyanın dönməzliyi ilə bağlı iradənin ortaya qoyulması Moldovaya gələcəkdə Avropa İttifaqına inteqrasiyası üçün müəyyən imkanlar yaratsa da, bu yol kifayət qədər uzun və çətin olacaq. Çünki Moldovanın özünün ərazi bütövlüyü ilə bağlı problemi var. Ərazisində Dnestryanı və Qaqauz kimi iki sepratçı qüvvə var:   

“Bu məsələnin necə həll olunacağı təbii ki, Moldovanın gələcəkdə Avropaya inteqrasiyasına təsir edəcək əsas amildir. Moldovanın Avropaya inteqrasiyası məsələsinə təsir edəcək əsas amillərdən biri də Rusiya-Ukrayna müharibəsinin nəticələri olacaq. Əgər Rusiya bu savaşda qalib gələrsə, o zaman onun Moldova üzərindəki təsirlər imkanları ciddi şəkildə artmış olacaq. Bu da gələcəkdə Moldovaya ciddi problemlər vəd edir. Artıq Rusiya xarici işlər nazirinin sözçüsü Mariya Zaxarova Moldovanın hazırkı prezidenti Maya Sandunun noyabrın 3-də keçirilən prezident seçkilərinin ikinci turundakı qələbəsini faktiki olaraq tanımadığını bəyan edib. Bu o deməkdir ki, Moldova bundan sonra da Rusiya tərəfindən təzyiqlərə məruz qalacaq”.

Qeyd edək ki, Moldovada ölkənin konstitusiyasına Avropaya inteqrasiya və Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə referendumda qəbul edilmiş düzəlişlər qüvvəyə minib. Konstitusiya Məhkəməsinin referendumun nəticələrinə dair qərarına əsasən, konstitusiyanın preambulasına “Moldova Respublikası xalqının avropalı kimliyini və Moldova Respublikasının Avropa yolunun dönməzliyini təsdiq edən” sözləri əlavə edilib. Həmçinin, konstitusiyanın mətninə “Avropa İttifaqına inteqrasiya” adlı bölmə əlavə olunacaq. Bundan əvvəl isə Moldova Mərkəzi Seçki Komissiyası Avropaya inteqrasiya ilə bağlı referendumun nəticələrini təsdiqləyib. Moldova vətəndaşlarının 50,46 faizi Avropaya inteqrasiyanın lehinə, 49,54 faizi isə əleyhinə səs verib.

Günəş Mərd

tag: Moldova, Seçki,Rusiya, Putin, todaypress.az