“Məqsəd universitet həyatını şouya çevirməkdir” - Ekspertdən İRAD

Video

15.03.2025 15:10

“Universitet əyləncə mərkəzi deyil. Gənclər bura öyrənmək, araşdırmaq, bilik qazanmaq üçün gəlirlər”.   

TodayPress xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov bildirib. 

O hesab edir ki, indi əsas məqsəd təhsil almaq deyil, sosial media üçün kontent yaratmaq, “trendlərə düşmək” və ya “universitet həyatını” şouya çevirməkdir. 

“Bunu normal hesab edənlər anlamırlar ki, universitetin bir imici, akademik dəyəri və elmi mühiti var. Hər yerin bir qaydası var – teatrda səssiz oturursan, məsciddə sayğılı davranırsan, xəstəxanada nizam-intizama əməl edirsən. Bəs universitet? Universitetin hörmətini niyə bu qədər ayaqlar altına atırıq?!". 

Ekspert vurğulayıb ki, ali təhsil müəssisələrindəki tələbələrin davranışları yalnız özlərinin deyil, bütövlükdə ali təhsil sisteminin nüfuzunu göstərir. O diqqətə çatdırıb ki, əylənmək və universitetin mövcud akademik mühitini pozacaq şəkildə davranmaq arasında fərq var:     

"Əgər universitetlərdə bilikdən çox əyləncə prioritet olursa deməli, biz diplom verən bir sistem qurmuşuq, amma elmi düşüncə və intellektual inkişaf verən bir sistem qura bilməmişik. Bunun nəticəsində də təhsilimiz beynəlxalq reytinqlərdə yer tapmır, məzunlarımız real bilik və bacarıqdan məhrum olur. Çünki universitet dəyərini itirəndə, oradan çıxan “təhsilli” insanların da dəyəri azalır". 

Xatırladaq ki, Bakı Biznes Universitetində (BBU) 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirdən yayılan görüntü sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Tələbələrin özünü Kəmalə Günəşli kimi təqdim edən müğənnini parodiya etməsi birmənalı qarşılanmayıb. Bir çoxları bu cür bayağı nümunənin ali təhsil ocağına yaraşmadığını bildiriblər. 

Bəziləri isə “Əslində, Bakı Biznes Universiteti pul qazanmağın yollarını göstərir” şərhini yazıb.     

Türkan İsgəndərli

tag: Kamran Əsədov,Ekspert,Universitet,Azərbaycan,Todaypress.az