Mənzil bazarında xaotik bahalaşma – FANTASTİK QİYMƏT ARTIMI

Video

17.06.2024 12:36

Son illər Azərbaycanda daşınmaz əmlak bazarında mənzillərin satış qiymətində bahalaşma müşahidə olunur. Dövlət Statistika Komitəsinin son məlumatlarına görə, bu ilin ilk rübündə mənzil bazarında qiymətlər 2023-cü ilin son rübü ilə müqayisədə 2,2 faiz artıb.   

Bəs daşınmaz əmlak bazarındakı qiymət artımına səbəb nədir? Qiymətlərdə azalma müşahidə olunacaqmı?

Mövzu ilə əlaqədar TodayPress-ə açıqlama verən əmlak eksperti, "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" (AQC) İctimai Birliyinin sədri Vüqar Orucun sözlərinə görə, qiymət artımı gələcəkdə də davam edəcək: 

"Qiymət artımına təsir göstərəcək kompleks səbəblər var. Əvvəla 30 ildən artıqdır ki, işğal altında olan ərazilərimiz azad edilib. Orada infrastruktur layihələri həyata keçirilir, bərpa işləri görülür. Ölkəmizə investisiya qoyuluşlarına çox böyük maraq yaranıb. Xüsusilə də, daşınmaz əmlak sektorunda investisiya cazibədarlığı yüksəlib. Bu ölkəmizin davamlı və yüksələn xətt üzrə irəliləyən inkişafı ilə bağlıdır. İqtisadi inkişafı olan ölkələrdə daşınmaz əmlakın qiymətləri yüksəlməyə doğru meyillənir. Paytaxt Bakı şəhəri də bu tendensiyadan kənarda qalmır".

Ekspert əmlak bazarında müşahidə olunan qiymət artımına təsir göstərən amillərə də diqqət çəkib: 

"Kənardan investisiya qoymaq istəyən, yatırım etmək istəyən xarici vətəndaşlar, o cümlədən, Rusiya və Ukrayna müharibəsi nəticəsində həmin ölkələrdə biznesləri dağılan və ya zəifləyən soydaşlarımızın ölkəmizə üz tutması, burada daşınmaz əmlaka sahib olmaq istəyi və eyni zamanda daşınmaz əmlak bazarında həyata keçirilən bir sıra sosial proyektlər qiymət artımını tətikləyən əsas səbəblərdəndir.

Digər bir amil isə söküntü işlərinin aparılmasıdır. Yeni mənzillər tikilir, söküntü işləri nəticəsində isə öz evlərini məcburən tərk edənlər yenə də başqa yerlərdə mənzil axtarmağa məcbur olurlar. Bundan başqa tikinti, inşaat materiallarının qiymətlərindəki artımlar da əmlak qiymətlərinə təsir göstərir". 

AQC-nin sədri məsələnin psixoloji tərəflərindən də söz açıb: 

"Burada psixoloji amil də var. Artıq köhnə tikililərdə öz təhlükəsizliyinə zəmanət görmədiyi üçün onlardan üz döndərib yeni tikililərə üz tutanlar çoxdur. O cümlədən,  qardaş ölkə Türkiyədə zəlzələ zamanı baş verən faciələr buna çox böyük təsir göstərdi. Və indi insanlar daha çox zəlzələyə davamlı tikililərə üstünlük verirlər. Bu da bazarda xüsusi bir tendensiyanın yaranmasına səbəb olur".

Vüqar Orucun qənaətincə, əgər hansısa fors-major  hadisə baş verməsə, əmlak bazarında qiymətlərin aşağı düşməsi yaxın zamanda mümkün olmayacaq.

Günəş Mərd

tag: Mənzil Bazarı, Rusiya, Ukrayna, Bahalaşma, Qiymət, todaypress.az