Leysan “Ağ Qızıl”ı vurdu: Salyanlı fermerlər kömək gözləyirlər - REPORTAJ

Video

02.11.2024 15:27

Respublika ərazisinə oktyabrda düşən atmosfer yağıntıları normadan 10 dəfə artıq olub. Əkin və heyvandarlıq sahəsində fəaliyyət göstərən kənd sakinləri yaranan vəziyyətdən ciddi narazıdırlar. Ölkənin müxtəlif bölgələrində kənd təsərrüfatı məhsulları əkilən sahələr su altında qalıb, məhsullar tələf olub.

Salyan rayon sakinləri tərəfindən TodayPress-ə ünvanlanan şikayətlərə əsasən yağan leysan xarakterli yağışlara görə, pambıq sahələrinə ciddi ziyan dəyib. Adını açıqlamaq istəməyən sahibkarlardan biri bildirdi ki, təbiət hadisəsi nəticəsində pambıq məhsulunun yetişməsi gecikib. Buna görə də həmin sahələrdən pambığın yığılıb taxılın əkilməsi prosesi də ləngiyib. Nəticədə əkin sahələrində “zəncirvari qəza” yaşanıb. 

“Oktyabrın 30-da da Salyan ərazisində yağış yağdığına görə, yenə sahələrin şumlanma prosesi təxirə salındı. Torpaq yaş olduğuna görə, traktorlar əraziyə daxil ola bilmirlər. Sahə tam quru olmalıdır ki, bu baş tutsun. Hazırda bütün fermerlər gözləyir ki, hava şəraiti normallaşsın, pambığın toplanmasına başlasınlar. Əgər mümkün olarsa, bundan sonra torpaq şumlanacaq və dərhal taxılın əkilməsinə start veriləcək” deyə fermer bildirib. 

Qeyd edək ki, yığımdan əvvəl mütləq defoliasiya adlanan proses də baş tutmalıdır. Bu zaman xüsusi dərman səpilir ki, yarpaqlar quruyub tökülsün. Bu proses təqribi 10-15 gün arasında davam edir. Lakin yağış yağdığına görə defoliasiya prosesi yarımçıq qalmış olur. Pambıq yarpaqlı şəkildə də yığıla bilər, amma bu zaman daha effektsiz nəticə əldə olunur. Çünki pambıqda çirklilik və nəmlilik artır, bu da məhsul itkisinə səbəb olur. 

Fermerlərin əkin sahələrinə dəyən ziyanın hesablanması, qarşılanması və onları nələrin gözlədiyini öyrənmək üçün Aqrar Sığorta Fonduna üz tutduq. Fondun nümayəndəsi Əli Əhmədov məsələyə aydınlıq gətirmək üçün bildirdi ki, oktyabr ayı ərzində Salyan rayonundan leysan yağışlarının pambıq sahələrinə vurduğu ziyanla bağlı 5 fermer tərəfindən müraciət daxil olub və Fond tərəfindən həmin ərazilərə ekspert təyin olunub:

“Əgər məhsul yığılmayıbsa və ziyan dəyibsə, bu zaman fermerə pul ödənilir. Lakin əksi olduğu təqdirdə ödəniş mümkün deyil. Hazırda pambıq yığımının tamamlanmasını gözləyirik. Bundan sonra müraciət etmiş fermerlərin ödənişləri tam dəqiqləşdirilib, özlərinə çatacaq”. 

Fondun əməkdaşı fermerləri torpaqlarını sığortalamağa səsləyib. Hazırda ölkə ərazisində 1 milyon 600 min hektar kənd təsərrüfatı sahəsi var ki, onun cəmi 4-də 1-i sığortalanıb.

Qeyd edək ki, pandemiya dövrü də daxil olmaqla Salyan rayonu ardıcıl olaraq 3 il ölkə üzrə pambıqçılıq sahəsində lider olub. Rayon sakinlərinin böyük əksəriyyəti fermerdir. Ən çox əkilən məhsul isə heç şübhəsiz ki, “ağ qızıl”dır. Bundan sonra isə taxıl, buğda və digər məhsullar gəlir. 

Töhfə Səməd

tag: Pambıq,Salyan,Fermerlər,Leysan, todaypress.az