Lavrovun Türkiyə səfərinin pərdəarxası: "Kreml "nəbz yoxlayır" – ŞƏRH
Video
26.02.2025 16:02
“Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri böyük ehtimalla iki mövzu ilə bağlıdır: Ukrayna və Suriya. Kreml, Suriyanın yeni hakimiyyəti ilə artıq təmasda olsa da, Ankaranın bu məsələdəki mövqeyini öyrənmək istəyir”.
TodayPress xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu öz “Facebook” hesabında yazıb.
Ekspert qeyd edib ki, Kremli Türkiyənin Suriyanın şimalındakı PKK və ona bağlı qruplara qarşı gələcək planları da maraqlandırır. Çünki, Kremlin PKK-ya bağlı terrorçu qruplarla əlaqəsi var və onların məhv olmasını istəmir. Politoloq həmçinin Ukrayna məsələsinə toxunub:
“Volodimir Zelenskinin Türkiyəyə səfəri və onunTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü Kremlin diqqətindən yayınmayıb. Rusiya hakimiyyəti rəsmi Ankaranın Ukrayna məsələsində mövqeyində dəyişiklik olub-olmadığını müəyyənləşdirmək istəyir. Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın Ukraynaya baxışından məmnundur. Görünür, Kreml Trampın Ukrayna ilə bağlı söylədiklərinə Ankaranın mövqeyini də bilmək istəyir”.
E.Şahinoğlu Ərdoğanın Trampın Qəzza mövzusundakı ifadələrinə qarşı çıxmasına baxmayaraq, Ukrayna ilə bağlı söylədiklərinə heç bir reaksiya vermədiyini vurğulayıb. Politoloqun fikrincə, Ərdoğan hər məsələdə Trampla qarşıdurmaya getmək istəmir:
“Türkiyə lideri Rusiya-Ukrayna müharibəsinin dayandırılması fikrindədir. Bundan baqşa Ərdoğan Kremllə Kiyev arasında yenidən vasitəçilik təklif edərək müzakirələrin İstanbulda keçirilməsi fikrini irəli sürüb. Lavrov bu təşəbbüsü də Ankarada müzakirə edəcək”.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edib. Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Lavrovun Türkiyədə bır sıra danışıqlar planlaşdırdığını demişdi. Səfər zamanı beynəlxalq, regional və ikitərəfli münasibətlərə dair geniş mövzular müzakirə olunacaq.
Qiymət Mahir
tag: Lavrov,Türkiyə,Səfər,Ukrayna,Rusiya,Müharibə,Todaypress.az