“Lal deputat”ların aqibəti necə olacaq?

Video

29.06.2024 16:51

Sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Bu barədə iyunun 28-də Prezident İlham Əliyev sərəncam imzalayıb. 

Bəs parlament seçkiləri indiki dönəmdə ölkəmizə yeni nə vəd edir? Hazırkı millət vəkillərinin yenidən Milli Məclisə seçilmə ehtimalı nə qədərdir?

Politoloq Cümşüd Nuriyev mövzu ilə bağlı TodayPress-ə danışarkən bildirib ki,  Azərbaycanda başlayan yeni era parlament seçkilərinin keçirilməsini zəruri edib:

“Çünki Azərbaycan artıq ərazi bütövlüyünü tam bərpa edib. İndi də Ermənistanla sülh müqaviləsinin imzalanması üçün danışıqlar gedir. Belə bir şəraitdə parlament seçkilərinin keçirilməsi, yeni parlamentin formalaşdırılması həm zamanın tələbidir, həm də yeni bir addımdır”.

Politoloqun sözlərinə görə, hazırkı millət vəkillərindən 115-indən təxminən 25-i deputat kimi tanınır. Digərləri isə onun təbirincə desək “lal deputat”dır. 

“Bunlar balıq kimi bütün siyasi məsələlərdən də çox qəşəng sürüşüb çıxmağı bacarırlar. Və bəziləri, ümumiyyətlə, son zamanlar “timsah göz yaşlarını” axıdıb guya bu millətin dərdini çəkməyə çalışırlar. Əgər indiki millət vəkilləri təkrar namizədliyini irəli sürsə, onların təkrar seçilmə ehtimalı sıfıra bərabər olacaq. Bu birmənalıdır. Amma əksəriyyəti pensiya yaşındadırlar. Onsuzda onlar bu günə qədər heç bir iş görməyiblər. Onların namizədliyi irəli sürülməsə, daha yaxşı olar”. 

Politoloq Fərhad Mehdiyev isə TodayPress-ə açıqlamasında builki parlament seçkilərində yeni bir mənzərə ilə qarşılaşacağına ümid etmədiyini bildirib: 

“Təqribən 10-a yaxın deputat yeni parlamentdə təmsil olunmayacaq. Ümumilikdə isə Milli Məclisdə yeni mənzərəni ancaq proporsional qaydada seçkilərin qismən də olsa bərpa olunmasından sonra görə biləcəyik”. 

Xatırladaq ki, iyunun 28-də Milli Məclisin növbədənkənar sessiyası başa çatıb. Bununla da 6-cı çağırış parlament işini yekunlaşdırıb. 

Günəş Mərd

tag: Lal Deputat, Fərhad Mehdiyev, Parlament, Milli Məclis, todaypress.az